Bildiyimiz kimi, Slovakiyada keçirilən prezident seçkilərinin nəticəsi namizədlərin 50 faizdən çox səs toplamaması səbəbindən ikinci tura təxirə salınıb.
Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, 9 namizədin mübarizə apardığı ilk turda qeyri-rəsmi nəticələrə görə, müxalifətin dəstəklədiyi keçmiş diplomat İvan Korcok 42,5 faiz səs toplayaraq öndə olub.
Hökumətin dəstəklədiyi parlamentin sədri Peter Pelleqrini də 37 faiz səs qazanmağı bacarıb.
İştirak nisbətinin 51,9 faizə çatdığı seçkilərdə digər namizədlər ciddi fərqlə geridə qalıb. Bu nəticələrə uyğun olaraq ölkənin yeni prezidenti Korcok və Pelleqrini arasındakı yarışın sonunda müəyyənləşəcək.
Bu seçkinin nə əhəmiyyəti var?
Xüsusilə Avropada tarazlıqları sınaqdan keçirən Ukrayna müharibəsinin bu ölkə ilə həmsərhəd olan 5,5 milyon əhalisi olan Slovakiyaya təsir etməyəcəyini gözləmək olmazdı.
Əvvəllər ölkəsinin ABŞ-dakı səfiri olmuş Korcok Kreml əleyhdarı bir fiqur kimi seçilir.
Pelleqrini isə sentyabrda keçirilən seçkilərdə qalib gələn və dördüncü dəfə bu kürsüdə oturan baş nazir Robert Fikonun müttəfiqidir.
Prezidentlik daha çox simvolik olaraq görülsə də, bu seçkilərin Rusiya ilə bağlı hansı mesajı verəcəyi maraq doğurur. Çünki qərblilər Mərkəzi Avropa ölkəsinin Macarıstan kimi, Moskvayönlü mövqe tutacağından qorxurlar.
Məsələn, “New York Times” qəzeti Braistlavanın Macarıstanda Viktor Orban administrasiyasını izləyərək məhkəmə və medianın müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı narahatlıqların olduğunu yazıb.
Vəzifəsini tərk etmək üzrə olan və Ukraynaya hər cür dəstəyin verilməsini istəyən prezident Zuzana Çaputova məhdud səlahiyyətlərindən istifadə edərək Fikonun qarşısını almaq üçün səy göstərib və təsdiq üçün göndərilən qanunların konstitusiya yoxlamasından keçməsi ilə işləri ləngidirdi.
Korrupsiyanı araşdıran jurnalistin qətlindən sonra artan ittihamlar və küçə nümayişləri fonunda 2018-ci ildə istefa verən Fikonun geri qayıtması bir çox insan üçün sürpriz olub. Onu dəstəkləyən prezidentlə istədiyi dəyişiklikləri daha rahat edə bilmə ehtimalı rəqiblərini qorxudur.
Kimin qalib gələcəyi gözlənilir?
Çaputova ilə müttəfiq olan Korcok seçkiqabağı sorğularda açıqlanan rəqəmləri keçərək birinci olmağı bacarıb. Lakin Pelleqrini ilk turda üçüncü yeri tutan anti-NATO Stefan Harabinin 12 faiz səsini özünə tərəf çevirə bilsə, hər şey dəyişəcək.
Anti-LGBT və anti-immiqrant mövqeyi ilə tanınan Haravin ilk iki namizəddən heç birini bəyənmədiyi üçün seçiciləri seçkiyə buraxmaya bilər.
Nəticələr nə vaxt məlum olacaq?
Aprelin 6-da keçiriləcək ikinci turda üz-üzə gələcək iki namizəddən hansının qalib gələcəyinin elə həmin gün məlum olacağı gözlənilir.