Şuşada Zəfər Qurultayı imkan verəcək ki, hər kəs mühüm vəzifələrlə önə çıxsın - Zahid Oruc

18:18 21.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ötən onillər ərzində dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar Vətənlə sıx əlaqələr qursunlar, yaşadıqları məkanda ciddi ictimai-siyasi qüvvəyə çevrilsinlər və öz milli identik xüsusiyyətlərini qoruyub-saxlasınlar deyə, milli ideologiya üzərindən sistemli fəaliyyətlər aparıldı. Başlıca olaraq ermənilərin yüzillər ərzində dünya çapında apardıqları fəaliyyətin qarşısında bir müqavimət cəbhəsi formalaşsın deyə, Ulu Öndərdən başlayan bir xətt oldu.

Bu fikirləri hafta.az-a millət vəkili Zahid Oruc deyib:

"Bir sıra ölkələrdə siz diaspora, bu kimi komitələr, təşkilatlar görməzsiniz. Amma ölkəmizdə bunun zəruri səbəbdən irəli gəldiyini qəbul edirik. Ona görə də uzun illər mübarizə apardığımız, indi isə azadlığına qovuşmuş, bizim üçün müqəddəs Şuşada nəinki mədəni, həm də artıq siyasi paytaxtın ünvanı kimi dünya azərbaycanlılarının ən mühüm tədbirinin orada reallaşması xüsusi tarixi məna daşıyır.

Hesab edirik, bu az qala müqəddəs bir andın orada içilməsi ilə yekunlaşacaq bir tədbir deməkdir. Şuşa həqiqətən də qardaş ölkənin liderinin orada böyük bir qarşılama mərasimi ilə təsbit olunur ki, cənab Prezident bundansonrakı dövrdə Bakı ilə bərabər Şuşanı da dünya siyasətinə təqdim edir. O, yalnız mədəniyyətimizin deyil, indi həm də dövlətçilik həyatımızın, idarəçilik quruluşumuzun, dünyanın bütün coğrafiyalarında yaşayan insanlarımızın ana nəğməsidir. Vaxtilə Cəlil Məmmədquluzadənin yazdığı “Anamın kitabı” əsəri yada düşür. İndi Şuşa bizim Anamızın Kitabıdır. Yəni ruhi, mənəvi, ictimai, siyasi düşüncəmizin baş meydanıdır.

Belə qurultaylar ona imkan verəcək ki, hər kəs mühüm vəzifələrlə önə çıxsın. Biz Qarabağı sülh məkanına çevrimək istəyirik və bunun üçün nə etməliyik. Biz uzun illər zəif nöqtəmizi indi güclü mərkəzə çevrimək istəyirik. Orada yaşam, gələcək məskunlaşma üçün hər zaman azərbaycanlıların səsinin, nəfəsinin gəlməsi üçün mühüm proqramların olmasını istəyirik. Şuşa gələcək dövr, bəlkə də onillər bundansonrakı zaman üçün mühüm proqramların, konsepsiyaların hazırlanması üçün belə tədbirlərin meydanı olacaqdır. Mən, əlbəttə ki, bu qərarın “Şuşa İli”nin ən mühüm Zirvə toplantısı olaraq bir parlament üzvü kimi alqışlayıram. Hesab edirəm, burada qəbul olunacaq sənədlər təkcə diaspora, soydaşlarımız üçün deyil, bütün hakimiyyət orqanları, media, vətəndaş cəmiyyətləri institutları və sair üçün əhəmiyyətli olacaqdır. Bütövlükdə Şuşa Zirvəsi bizim üçün gələcək dövr baxımından bölgəyə bir millət kimi baxışımızı özündə əks etdirəcəkdir".