Əbu-Dabidə “əl-Vasbə” meydanında Şeyx Zayed Festivalı çərçivəsində BƏƏ-nin milli bayramı - müstəqilliyinin 54-cü ildönümünə həsr olunan “Birləşmə yürüşü” keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, nazirlər və digər yüksəksəviyyəli rəsmilər, eləcə də BƏƏ əhalisini təşkil edən ərəb qəbilələrinin başçıları və digər təmsilçiləri, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.
BƏƏ-nin Dövlət Himni səsləndiriləndən sonra milli rəqs kollektivləri çıxış edib, milli mahnılar səsləndirilib, “əl-azi, ayalə və nədəbə” adlı şeir deyişmələri ilə müşahidə olunan yarışma keçirilib, eləcə də at və dəvə üzərində süvari dəstələrinin maraqlı performanslar təqdim olunub. Bundan başqa, BƏƏ-nin hərbi hava qüvvələrinin təyyarələri səmada uçuşlar edərək dövlət bayrağının mənzərəsini yaradıblar.
Tədbirə qonaq qismində qatılan Azərbaycan süvariləri dəstəsi “Azerbaijan - Land of Fire” şou-kompozisiyasını təqdim edib. Tamaşaçılar öz gözəlliyi ilə seçilən Qarabağ atlarının iştirakı ilə zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimizin müşayiəti ilə təqdim olunan qeyri-adi performansları böyük heyranlıq və maraqla izləyiblər.
Azərbaycan təmsilçilərinin iştirakı BƏƏ-nin televiziya kanallarında canlı yayımlanıb.