İtaliya sahillərindəki sularda Roma dövrünə aid mozaika döşəməsi tapılıb.
Hafta.az-ın “IFL Science”a istinadən yazdığına görə, Roma dövrünün dəbdəbəli tətil mərkəzi olan Baye, Neapol Körfəzinin indi olduğu yerdə idi. Bayenin vulkanik fəaliyyətlər nəticəsində yer qabığının tədricən batması nəticəsində 16-cı əsrdə tamamilə su altında qaldığı düşünülür.
Campi Flegrei Arxeoloji Parkından verilən açıqlamada, yeni tapılan mərmər döşəmənin dəniz sahilindəki bir evə aid olduğu bildirilib. Döşəmə "opus sectile" kimi tanınan xüsusi mozaika işi ilə hazırlanıb. Bu texnikada mərmər, sədəf və şüşə kimi materialların kəsilməsi ilə müxtəlif naxışlar yaradılır.
İtaliya Mədəniyyət Nazirliyinə bağlı arxeoloji park bildirir ki, bu texnika eramızın 3-5-ci əsrlərində geniş yayılıb. Mozaikanın eramızın 476-cı ildə süqut edən Roma İmperiyasının son dövrünə aid olduğu güman edilir.
Yüzlərlə müxtəlif formalı mərmər lövhədən ibarət mozaikanın bir zadəgan evinin döşəməsini örtdüyü təxmin edilir. Evin ən azı 10 metr divarının uçması nəticəsində döşəmə zədələnib. Mozaika konstruksiyasının bəzi hissələri su altından çıxarılarkən, mütəxəssislər bütün döşəməni xilas etmək üçün işlərini davam etdirirlər.
Baye yaxınlığındakı Bakoli şəhərinin meri Josi Gerardo Della Ragione kəşfi "möhtəşəm" adlandırır.
Yuli Sezar və Nero kimi elitaların ziyarət etdiyi Baye sahil boyu dəbdəbəli villalara ev sahibliyi edirdi. Şəhərin altındakı vulkan bacalarından şəfalı suların fışqırdığı da düşünülürdü. Eyni vulkanik dəliklər isti bulaqlarına görə də məşhur olan şəhərin sonunu gətirdi.
Arxeoloqlar uzun illərdir ki, su altında qalan şəhərdən mümkün qədər çox artefaktı xilas etmək üçün çalışırlar.