Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabr ayından bu vaxtadək Avropaya 59,2 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib. Bu həcmin təxminən 4 milyard kubmetri Bolqarıstana, 5,5 milyard kubmetrdən çoxu Yunanıstana, 49,3 milyard kubmetrə yaxını isə İtaliyaya çatdırılıb.
Hafta.az xəbər verir ki, bu barədə açıqlamasında TAP boru kəmərinin operatoru olan “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti məlumat verib.
O bildirib ki, TAP-ın ilkin ötürücülük gücü mərhələli şəkildə genişləndirilərək illik 20 milyard kubmetrdən artıq həcmə çatdırıla bilər. Boru kəmərinin əlavə ötürücülük qabiliyyəti mütəmadi olaraq keçirilən Bazar Sınaqları ilə bazara təqdim olunur və son genişləndirmə layihəsi çərçivəsində cari ilin əvvəlindən etibarən uzunmüddətli əsasda əlavə 1,2 milyard kubmetr ötürücülük gücü istifadəyə verilib.
Bu, TAP-ın genişləndirilməsi istiqamətində mühüm mərhələ hesab olunur. Ötən ilin iyul ayında başlayan Bazar Sınağının isə qeyri-məcburi mərhələsi hazırda davam edir./azertag/