“Tramp özünü daşınmaz əmlak agenti kimi aparır”

09:57 14.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın hərtərəfli tariflər açıqlamasının qlobal iqtisadiyyatda yaratdığı təlatümlərin təsirləri gündəmdədir. O, digər ölkələrə tətbiq edilən əlavə tarifləri 90 gün təxirə salarkən, Çinə təyin etdiyi rüsumlar qüvvəyə minib.

Hafta.az-ın yazdığına görə, iki ölkə arasında cavab tarifləri nəticəsində ABŞ Çinə tətbiq etdiyi vergi dərəcəsini 145 faizə qaldırıb. Çin də bu yaxınlarda tarif dərəcəsini 125 faizə yüksəldib.

Çin Ticarət Nazirliyindən verilən açıqlamada, tariflərə görə ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia açıldığı açıqlanıb.

Trampın ticarət müharibəsini gücləndirməsi narahatlıq doğursa da, Amerika mətbuatında gedən təhlillərdə Respublikaçı liderin strategiyası diqqətlə araşdırılıb.

CNN-in hesabatında ABŞ-la Çin arasında getdikcə şiddətlənən ticarət müharibəsinin uzunmüddətli perspektivdə bütün dünyaya təsir edəcəyinə diqqət çəkilir.

Təhlildə deyilir ki, Trampın əsaslı strategiyası yoxdur və “improvizə” hərəkət edir. Bildirilir ki, ABŞ prezidenti “rəqibinə qarşı təsir rıçaqları əldə etmək üçün daşınmaz əmlak agenti kimi davranıb və riskləri dözülməz həddə çatdırıb”.

Trampın Çini küncə sıxışdırmasının əks nəticə verə biləcəyinə diqqət çəkən məqalədə qeyd edilir ki, respublikaçı lider Çin sədri Si Cinpinlə ilk müddətində olduğu kimi yaxınlaşa bilməyəcək.

ABŞ-da bir çox mühüm məhsulların qiymətlərinin inflyasiyaya təkan verə və tənəzzül yarada biləcəyi ticarət müharibəsi səbəbindən artacağı bildirilir. Çində iqtisadiyyatın onurğa sütunu olan kiçik müəssisələrin zərər çəkə biləcəyi və işsizlik nisbətlərinin arta biləcəyi qiymətləndirilir.

“Wall Street Journal” da yazır ki, ABŞ prezidentinin “Çinlə işləmək üçün real strategiyası yoxdur”. O da qeyd olunur ki, istənilən halda ABŞ dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinlə ticarət əlaqələrini kəsə bilməz.

Qeyd edilir ki, Tramp Çinin “aqressiv ticarət siyasətləri” ilə mübarizə aparmaq üçün əlavə tariflər tətbiq etdiyi müttəfiqlərinin dəstəyinə ehtiyac duyacaq, lakin bu, tariflərə görə baş tutmaya bilər. Onun Çin Kommunist Partiyasına deyil, öz administrasiyasına zərər verdiyinə dair fikirlər səsləndirilir, çünki o, sağlam strategiyaya əməl etmir.