ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdə kameralar qarşısındakı debatının əks-sədaları davam edir. İki liderin nadir torpaq elementləri ilə bağlı sazişi imzalayacağı gözlənilirdi. Lakin Trampla Zelenski arasında qızğın mübahisə səbəbindən saziş imzalanmayıb və planlaşdırılan mətbuat konfransı ləğv edilib.
Hafta.az-ın yazdığına görə, görüşün əvvəlində Zelenski ABŞ administrasiyasının Rusiya prezidenti Vladimir Putini dayandırmamasından şikayətlənib. ABŞ-ın vitse-prezidenti Vans isə Zelenskiyə "hörmətsizlik etdiyini" deyib. Müzakirələrdə gərginlik artdıqca Tramp “söz atəşinə” başlayıb və “Ya bu müqaviləni imzalayarsan, ya da biz yoxuq. Siz III Dünya Müharibəsini başlayacaq qumar oynayırsınız” deyib.
Vans və Tramp tərəfindən davamlı olaraq çıxışı əngəllənən Zelenski, hazırkı mədən müqaviləsi mətninin yetərli olmadığını və ABŞ-ın Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərini vermədiyini bildirib. Qızğın sammitdən sonra Tramp Zelenski haqqında “O, sülhə hazır olanda geri qayıda bilər”, Ukrayna lideri isə “Mən üzr istəmək üçün heç nə etməmişəm” deyib.
“Wall Street Journal” yazır ki, debatda “Ukrayna öz müdafiəsinə daha güclü uzunmüddətli dəstək vermək üçün kritik fürsəti əldən verdi”. Bu şərh Trampla bağlı paylaşılır: “O, Kiyevlə Moskva arasında sülh sazişi bağlamaq məqsədində uğursuzluğa düçar oldu”.
Vaşinqtonda yerləşən Avropa Siyasət Təhlili Mərkəzindən Alina Polyakova qeyd edir ki, Trampla Zelenski arasındakı fikir ayrılığı Putini gücləndirə bilər: “Bu vəziyyətdən Putin qədər heç kim həzz almır. Qızğınlıq davam edərkən, mən rusların Ukraynanın təslim olması üçün sövdələşməni düzəltmək məqsədilə tez hərəkət etmələrini gözləyirəm”.
Anonimlik şərti ilə “The Washington Post” qəzetinə danışan ABŞ rəsmisi deyir ki, Zelenski ilə mübahisədən sonra Vaşinqton Ukraynaya bütün hərbi yardımı dayandırmağı planlaşdırır.
Co Bayden administrasiyasında çalışmış müdafiə nazirinin müavini Celeste Vallander bu şərhləri bölüşür: “İndi belə görünür ki, Ağ Ev öz tərəfini seçib və güc yolu ilə həllə nail olmaq üçün Putinin tərəfinə keçib”.
BBC-nin təhlilində bildirilir ki, Zelenski ilə Tramp arasında debat “NATO üçün böyük problemlər yaradacaq. Tramp həmçinin bildirib ki, Ukrayna “NATO-nu unutmalıdır”.
Rusiyanın “Kommersant” qəzeti də debatla bağlı müxtəlif ekspertlərin fikirlərini toplayıb. Moskva Dövlət Diplomatik İnstitutundan Maksim Şukov iddia edir ki, “Zelenski etməməli olduğu bütün hərəkətləri edib. Bu vəziyyət isə Moskva üçün böyük imkanlar yaradır”.
Moskva İqtisadiyyat Məktəbindən Dmitri Suslov Trampla Zelenski arasındakı gərginliklə bağlı belə qiymətləndirmələr edir: “Bu, Ukraynanın məğlubiyyətini sürətləndirəcək və Rusiyanın tələblərinə uyğun olaraq sülh sazişinin imzalanmasını təmin edəcək”.