ABŞ prezidenti Donald Trampın birinci müddətində müşaviri vəzifəsində çalışan Stiv Bannon "Əsl Amerikanın Səsi" adlı onlayn proqramda ABŞ-İsrail hücumları ilə bağlı şərhlər və tənqidlər səsləndirib. İrana qarşı müharibə aparılarkən Netanyahunun oğlu Yairin ABŞ-da olmasını sorğulayan Bannon, onun ABŞ-dan qovulmasını və İran cəbhəsinə göndərilməsini təklif edib.
Hafta.az yazır ki, ABŞ Daxili Təhlükəsizlik Departamentini Yairi deportasiya etməyə və onu İranda döyüşməyə göndərməyə çağıran Bannon, "Netanyahunun oğlunu sabah Mayamidən qovun" deyib. Bannon bildirib ki, hazırda Florida ştatının Mayami şəhərində tətildə olan Yairə forma verilməli, İsrail vətəndaşı kimi İranla döyüşmək üçün cəbhə xəttinə göndərilməlidir.
Trampın "Amerikanı Yenidən Böyük Et" (MAGA) hərəkatının güclü tərəfdarı kimi tanınan Bannon, Yair Netanyahu haqqında deyib: "Vətən Təhlükəsizliyi Departamenti (DHS) haradadır, o, bizə lazımdır. Onu tutun - geri göndərin. Ona forma geyindirin. Qoy ilk dalğada olsun".
Bannon həmçinin Fars körfəzi sahilində yerləşən və ABŞ ilə müttəfiq olan bir neçə ərəb ölkəsinin adını çəkərək, onların şahzadələrinin Londondan və oxşar şəhərlərdən qovulmalı, körfəzdə döyüşməyə göndərilməli olduğunu iddia edib.
Netanyahunun oğulları Avner və Yairin yetkin olmalarına baxmayaraq, hələ də İsraildə məcburi hərbi xidmətlərini başa vurmamaları Amerika ictimai rəyində tez-tez müzakirə mövzusudur.