Trampın tarif qərarı 5 SUALDA

11:10 04.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trampın hərtərəfli tarif paketi yeni ticarət müharibəsini alovlandıra bilər. Onun dünən imzaladığı fərman çərçivəsində ABŞ-ın 185 ticarət ortağı ilə etdiyi idxala əlavə gömrük rüsumları tətbiq olunacaq. Respublikaçı lider iddia edir ki, tarif paketi ABŞ-da istehsal sektorunu canlandıracaq.

Hafta.az-ın yazdığına görə, paketin əleyhinə olanlar tariflərin qlobal ticarəti poza və inflyasiyanı artıra biləcəyini deyirlər.

Paketə nələr daxildir, hansı ölkəyə nə qədər vergi tətbiq olunacaq?

Trampın “Amerika tarixinin ən mühüm günlərindən biri, iqtisadi müstəqilliyimizin elanı, ABŞ-ın qızıl dövrü gəlir” deyərək açıqladığı gömrük rüsumları paketi ölkənin idxal etdiyi bütün məhsulları əhatə edir.

Türkiyə, Azərbaycan, Böyük Britaniya, Braziliya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ölkələr üçün ən aşağı 10 faizlik gömrük rüsumu tətbiq ediləcək.

Bununla belə, ABŞ-ın idxal etdiyi əsas ticarət tərəfdaşları arasında Avropa İttifaqına 20 faiz, Çinə 34 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Yaponiyaya 24 faiz, Hindistana 26 faiz, Cənubi Koreyaya 25 faiz, Tailanda 36 faiz, İsveçrəyə 31 faiz, İndoneziyaya 32, Malayziyaya 24, Kamboca 49, Cənubi Afrikaya 30, Banqladeşə 37, İsrailə isə 17 faiz rüsum tətbiq edilməsi planlaşdırılır.

ABŞ-dan bütün idxalları əhatə edən minimum 10 faizlik vergi aprelin 5-də başlayacaq. Ölkəyə məxsus tariflər aprelin 9-da qüvvəyə minəcək.

Bundan əlavə, bu gündən etibarən xaricdə istehsal olunan avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq ediləcək.

Kanada və Meksika hazırda tətbiq edilən 25 faizlik tariflərə görə Trampın əhatəli tarif siyahısına daxil edilməyib.

Rusiya niyə siyahıda yoxdur?

Hətta Avstraliyanın Heard adası və Makdonald adaları kimi tamamilə yaşayış olmayan torpaqların da yer aldığı siyahıda Rusiyanın yer almaması da diqqət çəkir. Siyahıya əsasən, Ukraynaya 10 faiz gömrük rüsumu tətbiq olunacaq.

Ağ Evin sözçüsü Karolin Levitt, Amerikanın “Axios” xəbər saytına verdiyi açıqlamada, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının artıq “ticarəti əngəllədiyi" üçün ölkənin siyahıya daxil edilmədiyini söyləyib.

ABŞ Ticarət Departamentinin məlumatına görə, Rusiya ilə ABŞ arasında ticarət Ukrayna-Rusiya müharibəsindən əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. 2021-ci ildə təxminən 36 milyard dollar olan qarşılıqlı ticarət həcmi 2024-cü ildə təxminən 3,5 milyard dollara qədər azalıb.

Digər tərəfdən isı, ABŞ ötən il Ukraynadan idxal etdiyi mallardan daha çox Rusiyadan mal alıb. 2024-cü ildə Rusiyadan ABŞ-a təxminən 3 milyard dollarlıq mal getdiyi halda, bu məbləğ Ukrayna üçün 1,2 milyard dollar olub.

Trampın vergi paketi nəyi hədəfləyir?

Tramp iddia edir ki, “qarşılıqlı tariflər” adlandırdığı gömrük vergisi paketi ABŞ-da istehsal sektorunu canlandıracaq, Amerika şirkətlərini qoruyacaq, məşğulluq yaradacaq, ölkənin ticarət kəsirini azaldacaq və dövlət borcunu yüngülləşdirəcək.

Digər tərəfdən, “Wall Street Journal”ın təhlili də Trampın vergilərdən siyasi məqsədlər üçün istifadə edə biləcəyinə diqqət çəkir. Bu ilin əvvəlində Kanada və Meksikaya tariflər tətbiq etməklə hədələdikdən sonra hər iki ölkə ABŞ-a immiqrasiya və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün sərhəd nəzarətini artıracaqlarına söz verib.

Trampın vədlərinə baxmayaraq, ABŞ istehlakçıları və şirkətləri də vergi paketindən mənfi təsirlənə bilər. ABŞ Qida Sənayesi Assosiasiyasının direktoru Lesli Sarasin CNN-ə deyib: “Qida sistemimiz banan və ya mövsümi məhsullar kimi ABŞ-da yetişdirilməyən məhsullar da daxil olmaqla qlobal bazarlarla çoxölçülü şəkildə bağlıdır. Bu, ölkədə qiymətləri aşağı saxlayır və amerikalı müştərilərə il boyu təhlükəsiz və qidalı qida əldə etmək imkanı verir”.

CNN tarif paketi ilə bağlı inkişafları “Tramp tarixi qlobal ticarət müharibəsinə başladı” başlığı ilə xəbər verib.

Bazarlara necə təsir etdi?

Trampın idxala əlavə vergi tətbiq etməsindən sonra qızıl unsiyaları rekord qırdı, Bitcoin isə dəyər itirdi.

London Metal Birjasında (LME) qızılın unsiya qiyməti rekord qıraraq 3167,84 dollar olub. Qiymətli metalın unsiya qiyməti daha sonra bir qədər ucuzlaşmağa başladı. Bitkoinin qiyməti tarif paketindən sonra 2 faiz azalaraq 84 min dolların altına düşüb.

Trampın açıqlamalarından əvvəl bağlanan Nyu-York Birjasında S&P 500 indeksi 0,67 faiz, Nasdaq indeksi 0,87 faiz, Dow Jones indeksi isə 0,56 faiz artıb.

Almaniyada DAX 40 indeksi təxminən 2 faiz, Fransada CAC 40 indeksi 2,4 faiz, Britaniyada FTSE 100 indeksi isə 1,4 faiz ucuzlaşıb.

Yaponiyada Nikkei 225 indeksi 2,7 faiz, Cənubi Koreyada Kospi indeksi 0,7 faiz, Çində Şanxay kompozit indeksi isə təxminən 0,3 faiz azalıb.

Ölkələrdən reaksiyalar necə oldu?

ABŞ-ın bu ilin əvvəlində gömrük rüsumları tətbiq etdiyi Çin Trampın son addımına sərt reaksiya verib. Çin Ticarət Nazirliyinin bəyanatında tariflər “birtərəfli zorakılıq təcrübəsi” kimi təsvir edilib. Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Çinin maraqlarını qorumaq üçün əks tədbirlər görüləcək.

Yaponiyanın baş naziri İşiba Şiqeru ABŞ-ın vergi hərəkətini “narahatedici” hesab etdiyini bildirib və Respublikaçı lideri qərarını yenidən nəzərdən keçirməyə çağırıb. İqtisadiyyat, ticarət və sənaye naziri Muto Yoji də müxtəlif strategiyaların həyata keçirilə biləcəyini bildirib.

Cənubi Koreya prezidenti vəzifəsini icra edən Han Duck-soo vergilərin iqtisadi böhrana səbəb olacağını bəyan edib.

Tailandın baş naziri Paetongtarn Şinavatra gömrük rüsumları ilə bağlı ABŞ-la danışıqlar aparacağını bəyan edib.

Almaniya kansleri Olaf Şolts tariflərin səhv olduğunu deyib və Trampı qlobal ticarət nizamına zərbə vurmaqda ittihamlayıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer tariflərin "aydın şəkildə iqtisadi təsirlərə malik olacağını", lakin hökumətin "sakit və soyuqqanlı yanaşma" ilə cavab verəcəyini söyləyib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Trampın vergi paketi ilə “dünya iqtisadiyyatına zərbə vurduğunu” bəyan edib və ABŞ ilə danışıqların nəticəsiz qalacağı təqdirdə əlavə tədbirlər görəcəklərini bildirib.

Avstraliyanın baş naziri Entoni Albanese Trampın tariflərini “çox ağılsız” adlandırıb və heç bir əks tədbirin görülməyəcəyini bildirib.