Trampın tarif qərarı Çin mallarını Rusiyaya yönləndirəcək?

09:24 11.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın aprelin 9-dan etibarən Çinə qarşı tətbiq etdiyi yeni idxal tarifləri qlobal ticarətdə yeni gərginlik dalğası yaradıb.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Çin məhsullarına ümumi gömrük rüsumu 104 faizə çatıb. Bəzi ekspertlər isə bu addımın Çinin BRİCS ölkələrinə, xüsusən də Rusiyaya ixrac marşrutunu döndərə biləcəyinə inanırlar. Rusiya Çinin ən böyük enerji təchizatçısı olduğu üçün Pekinin tarifsiz ixrac edə biləcəyi az sayda bazarlardan biridir.

Bununla belə, Çinin ABŞ bazarında yaşayacağı itkini birbaşa BRİCS ölkələri ilə kompensasiya edə bilməsi çətin görünür. “Bloomberg Economics”ə görə, 2024-cü ildə Çinin ABŞ-a ixracı 439 milyard dollar, BRİCS ölkələrinin ümumi idxalı isə 200 milyard dolları çətinliklə keçəcək. Çinin Rusiyaya ixracı 2024-cü ildə cəmi 4,1 faiz artaraq 115 milyard dollar səviyyəsində qalıb. Üstəlik, 2025-ci ilin ilk iki ayında Çinin Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz azalıb.

Ekspertlər xatırladır ki, Rusiyanın Çindən gələn məhsullardan qorunmaq üçün mexanizmləri var. Antidempinq tədbirləri və qoruyucu tariflər kimi tədbirlər görülə bilər, lakin bu proses vaxt aparır. Bəzi sektorlarda qiymət rəqabəti arta bilər. Bununla belə, ekspertlərin fikrincə, ümumi idxalda qəfil və kəskin dəyişiklik gözlənilmir. Çin elektronika və sənaye avadanlıqları kimi məhsulları başqa bölgələrə yönəltməyə çalışsa da, Rusiyanın bu məhsullar üçün qeyri-məhdud bazar olmadığı vurğulanır.

Digər tərəfdən, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina ABŞ-ın qlobal ticarət siyasətlərinin Rusiya iqtisadiyyatına təsirlərinin izləniləcəyini bildirib. Ən böyük risk neft qiymətlərinin mümkün düşməsidir. Digər tərəfdən, ekspertlər iddia edirlər ki, Çin malları öz qiymət üstünlüyü sayəsində Rusiya bazarında daha çox rəqabət yarada bilər ki, bu da istehlakçı üçün müsbət ola bilər.