Türk şirkəti Donald Tramp üçün 100 min papaq tikdi

09:05 11.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da prezident seçkiləri yaxınlaşarkən Türkiyənin zəlzələ bölgəsi Adıyamandan olan bir şirkət diqqətçəkən addım atıb. Adıyamanın Gölbaşı Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən Zirve Hatka Promosyon şirkəti Donald Tramp üçün 100 min papaq istehsal edərək noyabrda keçiriləcək seçkilər üçün ABŞ-a göndərib.

Hafta.az-ın yazdığına görə, üzərində “Amerikanı yenidən möhtəşəm edin” yazısı olan bu papaqlar “Made in Turkey” imzasını daşıyır və təxminən 10700 kilometrlik bir səfərlə ABŞ-a çatdırılıb.

Bu istehsal türk şirkətlərinin beynəlxalq aləmdəki uğurlarını bir daha nümayiş etdirib. Zirve Hatka Promotion-un fabrik müdiri İsmail Samsama açıqlamasında bu istehsalın Adıyaman Gölbaşı əhalisinə və Türkiyə iqtisadiyyatına böyük töhfə verdiyini bildirib.

Zirve Hatka Promotion daha əvvəl Ukrayna kimi ölkələr üçün hərbi papaqlar istehsal etmişdi. İsmail Samsama, "Türk xalqı həmişə Çin və Misiri nümunə götürüb. Biz burada fabrikimizi qurmaqla onların etdiklərinə nail olduq. Düşünürəm ki, ölkə iqtisadiyyatına faydalıyıq. Korporativ və promosyon papaqları istehsal edir, hər ölkəyə məhsul göndəririk. Dünyada istehsalımız yavaşlamadan davam edir" deyib.

Siyasət rubrikasından digər xəbərlər