Türkiyə Statistika Təşkilatı (TÜİK) ilin ikinci rübünə dair daxili turizm məlumatlarını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, ikinci rübdə Türkiyədə yaşayan 16 milyon 148 min insan səyahətə çıxıb. İkinci rübdə gecələmə orta hesabla 6 gün olub. Ümumi xərclər 103 milyard lirəyə çatıb. Ötən illə müqayisədə həm səfərlərin sayında, həm də xərclənən vəsaitin həcmində xeyli artım olub.
Türkiyə vətəndaşları ilin ikinci rübündə 20 milyona yaxın səfər edib. Bu səfərlər üzrə xərclər əvvəlki illə müqayisədə 115 faiz artıb.
Səfərlərin cəmi 10 faizində paket turlara üstünlük verilib. Bütün digər səfərlər şəxsi olub. Tətilə gedənlər ən çox pulu yemək-içməyə xərcləyib. Xərclənən hər 100 lirənin 33 lirəsi yemək-içməyə, 27 lirəsi nəqliyyata, 14 lirəsi isə yaşayışa sərf olunub. Bütün maddələr üzrə 110 faizdən çox artım qeydə alınıb.
Səfərə çıxanların 62 faizi dost və qohumlarının yanına gedib ki, bunun da 31 faizi səyahət, əyləncə və bayram məqsədləri üçün olub. Gedənlərin çoxu dost və qohumların evlərində gecələyib. Səyahət edən hər 9 nəfərdən yalnız 1-i oteldə qalıb.