Türkiyənin ixracatı noyabrda azaldı, idxal artdı

11:55 02.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ticarət Nazirliyi noyabr ayı xarici ticarət rəqəmlərini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, ixrac ötən ilin noyabr ayına nisbətən 3,1 faiz azalaraq 22 milyard 291 milyon dollara düşüb, idxal isə 2,4 faiz artaraq 29 milyard 654 milyon dollar olub. Xarici ticarət kəsiri 23 faiz artaraq 7,4 milyard dollar olub. 2024-cü ilin yanvar-noyabr aylarını əhatə edən 11 aylıq dövrdə mənzərə tam əksidir: İxracda artım, idxalda azalma və xarici ticarət kəsiri azalmaqdadır.

Noyabrda ixrac-idxalın əhatə dairəsi 4,2 bənd azalaraq 75,2 faizə çatıb. Enerji məlumatları nəzərə alınmadan ixrac-idxalın əhatə dairəsi 2,5 bənd azalaraq 87,9 faizə düşüb. Enerji və qızıl məlumatları nəzərə alınmadan ixrac-idxalın əhatəlilik nisbəti 0,1 bənd azalaraq 94,8 faizə geriləyib.

Noyabrda ən çox ixrac edilən ölkələr: Almaniya (1 milyard 681 milyon dollar), ABŞ (1 milyard 465 milyon dollar) və İngiltərə (1 milyard 266 milyon dollar).

Noyabrda ən çox idxal edilən ölkələr: Rusiya (3 milyard 670 milyon dollar), Çin (3 milyard 632 milyon dollar) və Almaniya (2 milyard 302 milyon dollar).

2024-cü ilin yanvar-noyabr dövründə isə əks mənzərə var. İxrac 2,5 faiz artaraq 238 milyard 486 milyon dollar, idxal isə 6,4 faiz azalaraq 311 milyard 703 milyon dollar olub.

2024-cü ildə xarici ticarət kəsiri 27 faiz azalaraq 73,2 milyard dollar olub. İxrac-idxalın əhatə dairəsi 76,5 faiz təşkil edib.

Xarici ticarət həcmi isə 2,7 faiz azalaraq 550 milyard 189 milyon dollara çatıb.