Uçurumun astanasındakı Ermənistan: Kremlin Paşinyana təzyiq rıçaqları...

13:06 03.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Nikol Paşinyanın idarəçiliyi altındakı Ermənistan son bir il üç ay ərzində gözləntiləri doğrultmadı. Həm Qərb, həm də Rusiya İrəvandan istədiyini ala bilmədi. Bunu hər iki qütbün siyasi şərhçiləri indi açıq şəkildə etiraf edirlər. Üstəlik, Nikol Paşinyan daxili siyasətdə də uğursuzluqları ilə yadda qaldı. Verdiyi vədlərə əməl etmədi. Praqmatik siyasətçilərin fikrincə bu gözlənilən idi. Çünki Paşinyanın xalqa vermək üçün büdcədən ala biləcəyi heç bir vəsait, əlavə imkandan danışmaq mümkün deyil. Paşinyanın sələfləri erməni diasporunun topladığı və yüngül sənayedən gələn cüzi gəlirləri də mənimsəmişdilər. Bir sözlə, büdcə boşdur.

Bu da öz növbəsində hazırkı baş nazirin reytinqini durmadan aşağı salır. Xərcləmələr azalır. İqtisadi dinamika öləziməkdədir. Ölkədən iş üçün xaricə üz tutanların sayında azalma yoxdur. Əksinə, 1200 nəfərlik artım tempi formalaşıb. Gənclərin 39 faizi hələ də işsizdir. Xalq zavod və fabriklərin qarşısında etiraz aksiyaları keçirir. Doğrudur, bu aksiyalar intensiv olsa da, hələlik böyük insan kütlələrini əhatə etmir. Amma artacağı da istisna deyil. Bir sözlə, xalq küçədən gətirdiyi “xalqın adamı”ndan narazıdır. Ölkənin daxili siyasətinin iflası Paşinyan hakimiyyətinin süqutunu da sürətləndirə bilər. 15 aylıq hakimiyyət xalqın gözündəki “narıncı eynəkləri” çıxardı. Erməni xalqı Paşinyan hakimiyyətinin onu meydanda təkbaşına – Allah ümidinə qoyduğunu dərk etməyə başladı.

Təkbaşına demişkən, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Qarabağın işğalına görə İrəvan hər iki qonşu ilə diplomatik və ticari əlaqələr qurmaqdan özünü məhrum edib. İranın da əvvəlki iqtisadi gücü yoxdur ki, Ermənistana yardımlar edə bilsin. Sanksiyalar buxovunda cənub qonşumuz öz alın yazısına düzəlişlər etməyə çalışır. Belə yerdə qara keşişin Tehranda qara əba ilə qapı-qapı gəzib əmmaməli-əbalı müsəlmanlardan imdad diləməsi də nəticəsizdir. “Çi fayda”! Gürcüstan üzərindən aparılan ticari əlaqələr isə ölkənin qıl körpüsünün ortasında başını dumanlandırmaqdadır. Yəni, Tiflisin açıq qapısı da İrəvanın sonuna çarə qılası deyil.

Bir tərəfdən də Rusiya... Havadarlarını devirdiyinə görə Kreml əzəli forpostuna arxasını çevirib. Hətta “Qazprom”un İrəvandakı törəmə şirkəti əhaliyə verilən qazın qiymətini sabit saxlasa da, hüquqi şəxslər üçün nəzərdə tutulan mavi yanacağın qiymətini 150 dollardan 165-ə qaldırıb. Quyruğu qapı arasında qalmış Paşinyan hökuməti isə Moskvanın bu qulaqburmasına sərt reaksiya verməyə çalışır. Hökumət “Qazprom”un İrəvandakı qolunu 20 min dollar cərimələyib. Ermənistanın baş naziri deyib ki, Rusiya düz etmir, Ermənistan da Gömrük İttifaqının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Paşinyanın əlavə edib ki, şimal qonşumuz Moskva, Peterburq əhalisinə, şirkətlərinə qazı neçəyə satırsa, Ermənistana da eyni qiymətə verməlidir. Erməni baş nazirə arxa çevirmiş Kreml isə bu dəfə elə həmin vəziyyətdən ona qaz əvəzinə dirsək göstərib.

Bir sözlə, Ermənistanda ümidlər dalana dirənib. Ölkə uçurumun astanasından geriyə dönüş etmək istəyir. Amma bunun Nikol Paşinyanla olmayacağını anlayır. Yerdə qalır “Qarabağ klanı”. Onlar yaxşı olsaydı, devrilməzdi- deyir xalq. Bəs başqası varmı? Hələlik yoxdur. Ölkədə siyasi anarxiyanın ilk simptomları yayılmağa başlayıb.

Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında bildirib ki, Rusiya ilə Ermənistan arasındakı “qaz sıxılması” ciddi qarşıdurma olsa da daha təhlükəli formaya keçməyəcək. Bu, sadəcə olaraq Kremlin İrəvana “qulaqburması”dır:

“Baş verənlər Rusiyanın kommersiya siyasəti ilə əlaqəlidir. Çünki Moskvanın xəzinəsi boşdur. Rusiya artıq ən yaxın müttəfiqlərinə də ucuz qiymətə qaz satmaq niyyətində deyil. Ona görə ki, Kremldə düşünürlər ki, ölkənin vəziyyətini yaxşılaşdırmaq lazımdır. İndi onları Ermənistanın nə fikirləşdiyi düşündürmür. İndiki halda Rusiyanın Ermənistana satdığı qazın qiyməti şimal qonşumuzun Qərb ölkələrinə təklif etdiyi qiymətlərdən iki dəfə aşağıdır. İndiki halda da Ermənistana güzəşt edilir. Amma mavi yanacağı həmişə olduğu kimi su qiymətinə satmaq niyyətləri yoxdur. Onsuz da həm Rusiya, həm də Ermənistana havadarlıq edənlər həmişə işğalçı dövlətə yardımlar göstərib və bundan sonra da göstərəcəklər. Ümumiyyətlə, geosiyasi hadisələr fonunda son dövrlər bu yardımların miqyası kəskin şəkildə aşağı düşüb”.

Politoloq bildirib ki, Kreml Paşinyanın Brüsselə səfərini də qısqanclıqla qarşıladı: “Kremlə yaxın politoloqlar İrəvana güzəştli kreditlərlə silah satışına da yenidən baxıla biləcəyini söylədilər. Demək ki, həm qaz, həm də silah məsələsi ilə Rusiya Ermənistana qulaqburması verməyə çalışır. Üstəlik, Ermənistanda rusafobiya var və bu artmaqda davam edir. Nikol Paşinyan isə Qərbmeylli siyasət yürütmək niyyətindədir. Artıq bunun ayrı-ayrı elementləri həyata keçirilib. Paşinyan Belçika səfəri zamanı ayrı-ayrı siyasi şəxslərlə görüşündə Rusiyanın xoşuna gəlməyən sözlər işlədib. Bütün bunlar Kremlin Paşinyana olan etimadını daha da zədələdi. Onsuz da Moskva “Paşinyanın ipinin üstünə odun yığmaq olmaz” – ismarışını çoxdan vermişdi. Rusiyanın Paşinyana əsas təzyiq rıçaqlarından biri qazdır. Satış qiymətlərinin qaldırılmasıdır”.