Mariupol qarnizonu 6 minə yaxın Rusiya əsgərini, o cümlədən bir generalı məhv edib.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bunu “Azov” alayı komandirinin müavini, kapitan Svyatoslav Palamar "Hromadske" Kiyev Təhlükəsizlik Forumu zamanı söyləyib.
Məlumata görə, 78 tank və yüzdən çox digər zirehli texnika da məhv edilib.
Rusiya işğalçılarının canlı qüvvə sayı və silah-sursat baxımından üstün olduğu qeyd edilir. Onlar "Vaqner" qruplaşmasının yaraqlıları da daxil olmaqla təxminən 14 min nəfərdən ibarət olub.
"Qarnizonumuz düşmənin 6000-ə yaxın hərbçisini, o cümlədən bir generalını məhv edə bilib... 100-dən çox zirehli texnika... Təxminən 78 tank... Bu, təsdiqlənmiş məlumatlara görədir. Əlbəttə, etibar edə bilmədiyimiz bir çox təsdiqlənməmiş məlumatlar da var” –deyə komandir müavini bildirib.
Xatırladaq ki, 2 aydan çox müdafiə müddətində Rusiya ordusu Mariupolda təsdiqlənməmiş məlumatlara görə 20 minə yaxın Ukrayna sakinini qətlə yetirib.
Uzun danışıqlardan sonra “Azovstal” zavodunda mühasirədə qalımış bir neçə yüz dinc sakin: uşaq, qoca və qadınlar çıxarılsa da, hələ də zirzəmilərdə mülkilər qalmaqdadır.