Halle Berrinin keçən həftə ekranlara çıxan “Never Let Go” filmi kassada tamaşaçıları heyran edə bilməyib. Ancaq cəmi bir neçə il əvvəl o, dünya üzrə 325 milyon dollardan çox gəlir gətirən döyüş filmində rol almışdı.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, Berri Keanu Rivzin məşhur döyüş seriyasının üçüncü filmi olan “Con Uik 3: Parabellum”da əsas personajlardan birini - filmdə Casablanca Continental Hoteli idarə edən sui-qəsdçi Sofiya al-Əzvarı canlandırıb.
Həm kino tənqidçilərini, həm də tamaşaçıları sevindirməyi bacaran film “Rotten Tomatoes” icmal toplama saytında da 100 baldan 89 yüksək bal almağı bacarıb.
Üçüncü filmin sonunda Berrinin personajı sağ qaldı və bir çox pərəstişkarı Con Uiklə keçmişi olduğu üçün "Sofia spinoff" istədiklərini bildirdi. Oskarlı aktrisa da bu tələbin fərqindədir.
Post-apokaliptik bir dünyada iki övladı ilə həyata tutunmağa çalışan bir qadının gərgin hekayəsindən bəhs edən yeni qorxu filmi “Never Let Go”nun təqdimatı üçün “Hollywood Reporter”ə danışan Berri gələcəkdə “John Wick” spinoffunda rol alma ehtimalına toxunub.
"Bəli, kaş ki, belə bir hekayə olsaydı, amma bu, “John Wick 4”də izlədikləri yol deyildi" deyib Berri və əlavə edib: "Mən bunun əla bir hekayə olacağını düşündüm. Biz bu barədə danışdıq, “John Wick 3”lə bunun toxumlarını əkdik və Lionsgate ilə bir spin-off ehtimalı haqqında danışdıq. Bunu mümkün qədər tez etməliyik. Mən bu kainatı və o xarakteri sevirəm", - Berri deyib.
Berrinin Sofiya rolunu oynamasından 5 ildən çox keçib, lakin məşhur aktrisa bu rolu yenidən canlandırmaq üçün hədsiz dərəcədə həvəsli görünür.
Bütün “Con Uik” filmlərinin rejissoru Çad Stahelski əvvəlki müsahibəsində serialın gələcək hissələrində Berrinin canlandırdığı obrazı geri qaytarmağı planlaşdırdıqlarını təsdiqləyib.
Berri həmçinin 2022-ci ildə Sofiya mövzusunda çəkiləcək bir film üçün danışıqların aparıldığını təsdiqləyib, lakin layihənin reallaşacağı təqdirdə tamaşaçıları nələrin gözlədiyinə dair ətraflı məlumat verməyib.