“Vahid kartın sadəcə texniki imtiyazları var” – türkiyəli jurnalist

13:45 26.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda jurnalistlərin vahid kartla təmin edilməsi məsələsi gündəmdədir. Artıq neçə ildir Türkiyədə tətbiq olunan bu sistemin yüksək özəlliklərinin olduğu və ən azından, media sahəsində müxbirlərin fərdi inkişafına dəstək verəcəyi bildirilən vahid kart sisteminin nə kimi faydaları var? Bu kartı əldə etməklə jurnalistlərin bir sıra imtiyazlar qazanacağı, məsələn, ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəyi, muzeylərə, qalereyalara və mədəni-ictimai tədbirlərin keçirildiyi məkanlara ödənişsiz daxil olacağı deyilir. Başqa bir maraqlı tərəfinin olduğu da bildirilir: dövlət orqanlarının rəsmi məlumatlarını birbaşa əldə edə bilmək, beynəlxalq xəbərləri daha rahat almaq imkanı və sair olacaq.

Daha bir məsələ də var: vahid kart alan jurnalistlərin maliyyə problemlərinin həllinə dəstək veriləcək, onlar peşəkarlığı artırmaq üçün müxtəlif inkişaf layihələrinə cəlb ediləcəklər, sosial müdafiələrinə yönəlmiş tədbirlər həyata keçiriləcək.

Türkiyəli jurnalist, “İndependent Turk” və sair üçün araşdırmalar hazırlayan, əslən güneyli olan Taha Kermani deyir ki, artıq bir neçə ildir Türkiyədə bu praktikadan istifadə edilir. “Türkiyədə vahid kart verməklə medianı Prezident Admnistrasiyası Mətbuat Xidmətinin nəzarəti altında birləşdirmək istənilir. Bundan əvvəl də bizə məhz Mətbuat Xidməti tərfindən “Sarı mətbuat kartı” və ya digər adıyla “Rəsmi mətbuat kartı” verilmişdi. Amma hər kəs həmin kartı almamışdı, hərə öz işlədiyi mətbuat orqanının vəsiqəsi ilə fəaliyyətini davam etdirirdi. Hətta, İFJ kimi Beynəlxalq quruluşların kartları ilə işimizi görürdük” deyən T.Kermani əlavə edir ki, amma, rəsmi tərəflərinə gəldikdə, Mətbuat Xidmətinin verdiyi kartlar istisna olunmaqla, digər media kartları əhəmiyyət daşımır.

Türkiyəli həmkarımız deyir ki, vahid kart alan jurnalistlər parlamentdə və ya digər rəsmi mətbuat konfranslarında iştirak etmək haqqı qazanır. “Bundan başqa, nəqliyyatdan pulsuz istifadə etmək hüququ və sair də ancaq vahid karta sahib olan jurnalistlər üçün yaranır. Bu kart hətta jurnalistlərə işlədikləri yerdə həmkarlar ittifaqının imtiyazlarından faydalanmağa imkan verir. Məsələn, mən indiyədək İFJ - beynəlxalq kartla fəaliyyət göstərirəm. Bu kart sayəsində girilməsi çətin olan yerlərə, tədbirlərə daxil oluram, maşınım yolda ilişib qalanda polis yardım edir və sair. Amma bildiyim qədər, polisin mənə kömək göstərməsi qanunla məcburi deyil” deyir həmkarımız.

Nəqliyyatdan pulsuz istifadədən söz düşmüşkən, bu hazırda Azərbaycan jurnalistlərinin əsas problemidir. Amma deyəsən vahid kart bu çətinliyə də işıq sala bilər. Belə ki, T.Kermani nin sözlərinə görə, Mətbuat Xidmətinin verdiyi vahid kart əsasında nəqliyyatdan pulsuz istifadə kartı əldə etmək mümkündür və edilir də. Hansı ki, indiyədək verilmiş əvvəlki kartların heç biri bu məsələdə təsirli deyil.

Müsahibimiz deyir ki, pandemiya şəraitində küçəyə çıxma yasağı hakim olduğu günlərdə hansısa jurnalist ənənəvi vəsiqəsi ilə açıq məkanda polis tərəfindən saxlanıldıqda, əlbəttə, sənədləri yoxlanıldıqdan sonra buraxılır. Amma bu qanunamüvafiq qaydada edilibmi, yoxsa polisin humanist qərarıdırmı, bu haqda bir söz deyə bilməyəcək. Əsas odur ki, vahid kart sahiblərini karantin günləri küçədə heç kim saxlamır.

Burada bir sual da yaranır: nəqliyyatdan pulsuz istifadə kartı jurnalistə pulsuz verilir, yoxsa ödənişli əsasla? Türkiyəli həmkarımız deyir ki, adətən şəxsi avtomobili olduğu üçün ictimai nəqliyyatdan istifadə etmir və təbii ki, belə bir kartı da yoxdur. Amma bu kartdan yararlanan yoldaşlarından eşitdiyinə görə, onlar kartları pulsuz alıblar.  Bir misal da çəkir: yaşadığı və çalışdığı İstanbulda nəqliyyatdan pulsuz istifadə kartını imtiyazlı jurnalistlərə İstanbul Böyükşəhər Bələdiyyəsi verir.

Bir maraqlı məqam da düşündürücü olaraq qalır. Tutaq ki, təcrübəsiz və kifayət qədər jurnalist savadı və bacarığı olmayan biri vahid kart alaraq bütün imtiyazlara baş vurub, yararlanırsa, o, üstün keyfiyyətli, amma uzun illərin təcrübəli jurnalisti bu kartdan almayıbsa aşağı keyfiyyətli jurnalist sayılacaqmı? T.Kermani deyir ki, Türkiyədə kartlar sadəcə yuxarıda saydığı bəzi imtiyazlar verir ki, bunların da əksəriyyəti texnikidir. Hər halda bu neçə ildə Türkiyədə vahid kartı almayan heç bir təcrübəli, ictimai müstəvidə tanınmış jurnalista yuxarıdan aşağı baxılmayıb. Əksinə, onlar yenə də istər ictimai, istərsə də rəsmi qurumların nəzərində təsiredici imkanlara malikdirlər. “Bizdə hər kəs əmindir ki, bu cür kartlar mətbuatın gedişatını müəyyənləşdirə bilməz. Hesab edirəm ki, söhbət əsl jurnalistdən düşəndə, vahid kart söhbəti bağlanır. Ən azından Türkiyədə vahid kartın bu müstəvidə elə bir təsiri yoxdur. Şəxsən mənə indiyədək getdiyim yerlərdə vahid kartın varmı, yoxmu deyən olmayıb”, - deyir türkiyəli həmkarımız T.Kermani.