Vatikan muzeyinin işçiləri ayağa qalxdı: "İş şəraitini dəyişdirin"

10:05 14.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Vatikan Muzeylərinin işçiləri Papa Fransiskin rəhbərliyinə iş şəraitinin yaxşılaşdırılması üçün petisiya göndəriblər.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, 49 əməkdaşın imzaladığı petisiyada Vatikan administrasiyasına “hər bir işçinin ləyaqətinə və sağlamlığına xələl gətirən iş şəraitinin” dəyişdirilməsi istənilib.

İşçilərin vəkili Laura Sqro, iş saatlarının qısaldılması, maaşların artırılması, sağlamlıq və təhlükəsizlik dəstəyinin yaxşılaşdırılması kimi tələblərin irəli sürüldüyünü bildirib.

Sqro deyib: "İşçilər fərdi ərizələr yazaraq bu vəziyyəti dəfələrlə həll etməyə çalışdılar. Amma tələblər cavabsız qaldı. Ona görə də belə bir radikal addım atıldı. Hazırda 49 adam var, amma önümüzdəki günlərdə bu rəqəmin artacağını düşünürəm".

“Reuters”in məlumatına görə, petisiya Vatikan qanunlarına uyğun olaraq rəhbərliklə işçilər arasında barışıq prosesində ilk rəsmi addımdır.

Vəkil bildirib ki, proses nəticə verməsə, Papa Fransisk administrasiyasına qarşı Vatikan Məhkəməsində iddia qaldıracaqlar.

"Bu hərəkətlə biz konstruktiv prosesə başlamaq istəyirik. Ümid edirik ki, bu, Vatikanda iş qaydalarına ümumi baxış üçün bir fürsət olacaq", - Sqro bildirib.

Hüquqşünas Sqro bildirib ki, Vatikanda əmək qanununda məcburi məzuniyyət halları ilə bağlı dəqiq müddəalar yoxdur. Bundan əlavə, Sgro iddia edib ki, Vatikan administrasiyası pandemiya zamanı karantin tətbiqləri səbəbindən aktiv işləməyən işçilərdən bu müddət ərzində onlara verilən maaşları geri qaytarmağı xahiş edib.

Təxminən 700 nəfərin çalışdığı Vatikan Muzeylərinin iddialara münasibət bildirməkdən imtina etdiyi bildirilib.

Dünyanın ən çox ziyarət edilən muzeylərindən olan Vatikan Muzeyləri keçən il təxminən 7 milyon insanı qəbul edib.