Xocalı – milli kimliyin konsolidasiya nöqtəsi - Politoloq

13:56 26.02.2026
Yazını böyüt
Yazını kiçilt

“26 fevral 1992-ci ildə baş vermiş Xocalı hadisəsi təkcə müharibə epizodu deyil, Azərbaycanın kollektiv yaddaşında dərin iz buraxmış tarixi faciədir. 34 il sonra bu hadisə artıq yalnız emosional xatirə deyil, həm də siyasi və diplomatik diskursun mühüm elementi kimi çıxış edir”.

Bunu Hafta.az-a politoloq Rəşad Bayramov Xocalı soyqırımının 34-cü ildönümündə düşmənin əsl simasını göstərən faktların Azərbaycanın mövqeyini nə qədər gücləndirə bilməsi ilə bağlı danışarkən bildirib.

R. Bayramov qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində tarixi faktların siyasi kapitala çevrilməsi geniş yayılmış praktikadır və Xocalı hadisəsi də bu kontekstdə Azərbaycanın mövqeyini müəyyən mənada gücləndirən amillərdən biridir.

“Əvvəla, Xocalı beynəlxalq hüquq və humanitar dəyərlər müstəvisində Azərbaycanın arqument bazasını möhkəmləndirir. Mülki əhaliyə qarşı törədilmiş cinayətlər münaqişəni ərazi mübahisəsi çərçivəsindən çıxararaq insan hüquqları və müharibə cinayətləri kontekstinə daşıyır. Bu çərçivə xüsusilə beynəlxalq təşkilatlarda və parlament platformalarında aparılan müzakirələrdə Azərbaycanın əlini gücləndirən amil kimi çıxış edir. Digər mühüm istiqamət informasiya müharibəsidir. Müasir dövrdə dövlətlərin imici və legitimliyi yalnız hərbi və iqtisadi güclə deyil, həm də təqdim etdikləri faktlarla formalaşır. Xocalı ilə bağlı faktlar Ermənistanın beynəlxalq ictimaiyyətdə formalaşdırmağa çalışdığı müdafiəçi tərəf imicinə qarşı əks-narrativ qurmağa imkan verir. Diaspor fəaliyyəti, beynəlxalq media kampaniyaları və anım tədbirləri vasitəsilə hadisənin yaddaşda saxlanılması Azərbaycanın siyasi mövqeyinin davamlı şəkildə gündəmdə qalmasına xidmət edir”, – deyə politoloq bildirib.

R. Bayramov eyni zamanda əlavə edib ki, postmüharibə reallığında Xocalının siyasi çəkisi yeni məna qazanıb. 44 günlük müharibədən sonra regionda güc balansı dəyişib və Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu kontekstdə Xocalı hadisəsi milli konsolidasiya baxımından da mühüm rol oynayır:

“Tarixi ədalətin gec də olsa bərpa olunması narrativi dövlətin siyasi diskursunda mühüm yer tutur və cəmiyyət daxilində birlik faktorunu gücləndirir. Bununla belə, onu da qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlər sistemi əsasən maraqlar üzərində qurulub. Böyük güclər üçün emosional-mənəvi arqumentlərdən daha çox geosiyasi və strateji maraqlar həlledici rol oynayır. Bu səbəbdən Xocalı soyqırımı faktının real təsiri Azərbaycanın diplomatik strategiyasının nə dərəcədə sistemli və davamlı qurulmasından asılıdır. Ümumilikdə qeyd etmək olar ki, 34 il sonra Xocalı soyqırımı hadisəsi Azərbaycanın siyasi diskursunda həm beynəlxalq arqument bazası, həm də milli kimliyin konsolidasiya nöqtəsi kimi çıxış edir”.

Tahirə Qafarlı