Xocalı aeroportu yanvarın 10-da açılacaq – Ermənistan mətbuatı  

16:05 05.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Rusiya arasında danışıqların aparıldığı istisna edilmir

Ermənistanın Azərbaycana qarşı təxribatçı çıxışları davam edir. Qarşı tərəf bu dəfə sülhməramlı missiyasından istifadə edərək, məkrli məqsədlərini reallaşdırmağa çalışır.

Hazırda sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində gedən proseslər birmənalı qarşılanmır. Görünən odur ki, Ermənistan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə yenidən canlanmağa çalışır. Belə ki, “Regnum” saytının  rus, erməni mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya sülhməramlıları Rusiya-Xocalı uçuşlarını həyata keçirmək üçün Xocalı aeroportunu istifadəyə verməyə hazırlaşır. Yanvarın 10-da aeroportun açılışı gözlənilir.  Erməni və rus mənbələri bu iddialarını onunla əsaslandırırlar ki, Ermənistan öz üzərindən Türkiyə və Azərbaycan hava yollarının uçuşuna icazə verdiyi üçün üçtərəfli sazişə əsasən  öhdəliyini yerinə yetirib. Azərbaycan da Xocalı hava limanından uçuşlara icazə verməlidir. Əks halda, Azərbaycan bəyannamədə göstərilən kommunikasiyaların açılması bəndini pozmuş olacaq. 

Maraqlıdır, Azərbaycan Xocalı aeroportunun fəaliyyətinə icazə verməsə, hansı öhdəliyin pozulması sayılır və yaxud beynəlxalq hüquq baxımından həmin aeroportun istifadəyə verilməsi qaydası necə tənzimlənir?  Ümumiyyətlə, belə bir öhdəlik varmı? 

Hafta.az hüquqşünas və millət vəkillərinin prizmasında məsələyə aydınlıq gətirməyə çalışıb. 

Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib ki, Xocalı aeroportunun Azərbaycana məxsus olması Beynəlxalq Aviasiya qurumu tərəfindən təsdiq edilib.  Onun sözlərinə görə, bu aeroportdan kimin, nə zaman istifadə ediləcəyi, uçuşların haraya olacağını da Azərbaycan özü müəyyənləşdirir.

“Mən bu aeroport vasitəsilə hansısa yüklərin Qarabağa gətiriləcəyi ilə bağlı Azərbaycanın Rusiya ilə  danışıqlar aparmasını istisna etmirəm.  Bu, ikitərəfli razılaşma əsasında ola bilər.  Ermənistanın isə bu məsələyə heç bir aidiyyəti yoxdur”.

Millət vəkili üçtərəfli bəyannamədə kommunikasiyaların açılması ilə bağlı xüsusi bəndin olduğunu qeyd edib. Onun sözlərinə görə, həmin bənddə Naxçıvanla Azərbaycan arasında kommunikasıyaların açılmasına dair razılaşma var ki, bu da paralel olaraq, Azərbaycanla Türkiyə arasındakı yolun açılması deməkdir.

“Düşünürəm ki, Azərbaycan da Ermənistan üçün müəyyən yolları aça bilər. Bunun üçün Ermənistan bütün öhdəliklərə riayət etməlidir. İstisna deyil ki, Ermənistan  bütün razılaşmalara riayət eləsə,  Azərbaycan Ermənistan üçün də kommunikasiyaları aça bilər. Bu, Ermənistan sülh istiqamətində addımlar atarsa, revanşist fikirlərinə son qoyarsa, baş verə bilər. Təbii ki, proses Rusiya sülhməramlılarının nəzarəti ilə aparılmalıdır. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti məhz Cənubi Qafqaz Platformasının, kommunikasiyaların açılmasının və regionda əməkdaşlığın tərəfdarı kimi çıxış edib. Bunun üçün də Ermənistan qonşu ölkələrə - Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı olan ərazi iddialarına son qoymalıdır.  Yalnız bundan sonra bölgədə sülh, əməkdaşlıq üçün bütün zəruri addımlar atıla bilər”.

Millət vəkili  Xocalı aeroportunun açılmasının regionda bütün addımların bir-biri ilə əlaqələndirilməsi şəraitində mümkün olacağını bildirib.

“Rusiya sülhməramlıları bölgədə bir sıra məsələlərin həllini öz öhdəsinə götürdüyünə görə, Ermənistanı razılaşmanın bütün bəndlərinə riayət etməyə məcbur etməlidir”.

Millət vəkili hesab edir ki, Xocalı aeroportunun indiki şəraitdə açılması isə müzakirə mövzusudur.

Millət vəkili Razi Nurullayev bildirir ki, Xocalı aeroportu Azərbaycanın ərazisi daxilindədir və hansısa erməni, hansısa politoloq ora haqqında nə danışacaqsa, bu, həqiqət kimi qəbul edilə bilməz:

“Xocalı Azərbaycan ərazisidir və burada  nəyin necə işləməsini Azərbaycan özü müəyyən edir. Ona görə də mən ermənilər tərəfindən məsələnin bu cür şişirdilməsini təxribat kimi qiymətləndirirəm.  Azərbaycanla  Ermənistan arasında olan razılaşma 10 noyabr bəyanatıdır və həmin sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir məsələ yoxdur. Bu baxımdan, belə bir narahatlığa əsas görmürəm. Azərbyacan bundan sonra Ermənistanla aparılan danışıqlarda daha qətiyyətli mövqe sərgiləməlidir. Hesab edirəm ki,  Azərbaycan danışıqlarda Konstitusiyasından irəli gələn müddüəlarla çıxış edəcək”.

Rusiya təyyarələrinin Xocalıda eniş etməsi ilə bağlı məlumata gəlincə, millət vəkili aeroportun təyyarə qəbul etməsinə hazır olmaması məqamına diqqət çəkib.  O, ekspertlərin rəyinə əsaslanaraq aeroportun işlək vəziyyətə gətirilməsi üçün milyardlarla vəsaitin tələb olduğunu bildirib.

“Hazırda Xocalı Hava limanının təyyarə qəbul etməsi mümkün görünmür. İnfrastruktur olmadığına görə, bu məsələləri söz kimi qəbul edirəm. 10 noyabr razılaşmasında kommunikasiyaların açılması ilə bağlı məsələ var. Amma konkret Xocalı hava limanı ilə bağlı heç bir söz deyilməyib. Bununla yanaşı, Azərbaycan heç bir zaman birtərəfli qaydada Ermənistana qapı açıb, blokadanı qaldırmaz. Hələ Qarabağda separatçı rejimin quldurları tərksilah edilməyib.  Belə vəziyyətdə Azərbaycan kommunikasiya xəttlərini aça bilməz, onlarla dostluq edə bilməz. Birinci növbədə separatçı rejim silahı yerə qoymalıdır”.

R.Nurullayev Rusiyadan Xocalı aeroportuna uçuşların həyata keçirilməsini mümkün hesab edib. O bunu Rusiya – Azərbaycan arasında aviasiya sahəsində ikitərəfli müqavilələrin olması ilə əlaqələndirib. Əgər Rusiya ilə Azərbaycan arasında bu müqavilə varsa və Dağlıq Qarabağ da Azərbayan ərazisi olduğuna görə bu nəzəri, hüquqi cəhətdən mümkündür.  Bu həm də o deməkdir ki, Rusiya Azərbaycanla razılaşır və Azərbaycandan icazə alaraq sülhməramlıların  öz missiyasını yerinə yetirməsi üçün mümkün şəraiti yaradır.  Xocalı hava limanı  Azərbaycan hava yollarının nəzarəti altında fəaliyyətə başlaya bilər.  

Millət vəkili Bəhruz Məhərrəmov  bildirib ki, Azərbaycan bu üçtərəfli müqavilədə qalib, diqtə edən tərəfdir.  Xocalı və sülhməramlıların olduğu digər bölgələr Azərbayacanın beynəlxalq hüquqla tanınmış ərazisidir.

“Harada hansı aeroportun açılması, yaxud bağlanması  hansı istiqamətdə, hansı infrastrukturun qurulması, yaxud dayandırılması Azərbaycanın suveren huququdur. Əgər üçtərəfli bəyanatda və yaxud bəyanata uyğun gələcəkdə hansısa  yeni regional platformadan, yeni əməkdaşlıq  xətlərindən danışılırsa, heç də söhbət Azərbaycanın  öz ərazilərini kiminsə istifadəsinə verməsindən getmir.  Ermənistan yalnız öz ərazisindən keçən kommunikasiya xətləri ilə bağlı danşa bilər.  Azərbaycanın ərazisindən keçən  istənilən infrastrukturla bağlı qərarları Azərbaycan özü verir”.

Millət vəkili hesab edir ki, belə informasiyalar yanlış ictimai rəyə yönəlmiş təbliğatdır:

“Hesab edirəm ki, bu barədə müvafiq dövlət strurkturlarının açıqlamasını gözləmək lazımdır. Bizim üçün mənbə aidiyyəti dövlət strukturlarının açıqlaması olmalıdır. Xocalı Azərbaycanın ərazisinin ayrılmaz bir hissısidir. Yaxın 5 il ərzində sülhməramlılar fəaliyyət göstərəcəksə, istənilən halda bu Azərbaycanın ərazilərində suveren hüququnu məhdudlaşdırmır”.

Hüquqşünas Ələsgər Məmmədli hafta.az-a bildirib ki, beynəlxalq uçuşlarla bağlı hər bir ölkəyə beynəlxalq kodlar verilir. Onun sözlərinə görə, hər bir dövlətin öz ərazisi üzərindən uçuşa icazə verməsi hər bir ölkənin birbaşa suverenlik hüququdur. 

“Əgər Azərbaycan öz təyyarələrini Ermənistan üzərindən rahat şəkildə aparırsa, Ermənistan da Azərbaycan üzərindən İrana, Türkmənistana uçan təyyarələrini tənzimləyə bilər. Amma  Xocalı Azərbaycan ərazisidir və burdakı uçuşlarla bağlı qərarları Azərbaycan hökuməti verə bilər. Azərbaycana aid aeraportun istifadəsini bu cür şərtlərlə eyniləşdirmək olmaz”.

Hüquqşünas AZAL-ın dekabr ayında Xocalı aeroportuna beynəlxalq kod verməsi və uçuşların olacağı ilə bağlı yayılan məlumatlara istinad edərək bildirib ki, bu uçuşlar indiki şəraitdə baş verərsə, Azərbaycanın nəzarətində olmaya bilər.

“Böyük ehtimalla ermənilərin iddiaları reallaşa bilər.  Rusiyanın da açıqlamaları var idi ki, Gəncə və Yerevan hava limanı çox uzaqdır və sülhməramlıların Xankəndinə aparacaqları yüklərin Xocalı hava limanında boşaldılması daha məqsədəuyğundur.  Bu məqsədlə Xocalı hava limanını yenidən qururlar.  Düşünürəm ki, Azərbaycan bir an öncə bu cür iddialara açıqlama verməlidir. Əgər Xocalı aeroportu açılarsa, Rusiya Azərbaycanın nəzarəti olmadan Azərbaycan ərazisindən rahat şəkildə istifadə edəcək.  Bu, birbaşa Azərbaycanın suverenliyinin tapdanmasıdır.  Azərbaycanın nəzarət etmədiyi  hava limanına, bilmədiyi yüklər gətiriləcək”.

Hüquqşünas hesab edir ki, Azərbaycan birinci növbədə hava limanında bütün nəzarəti öz əlinə almalıdır. Əgər öz ərazisindəki aeroporta nəzarət etməyəcəksə, onun istifadəsinə imkan verməməlidir. Azərbaycanın icazəsi olmadan Xocalı aeraportuna uçuşlar baş verərsə, Azərbaycan Hava Müdafiə Qüvvələri ordan uçan təyyarəlləri dərhal endirməlidir”.

Xocalı Hava Limanı və ya Xankəndi Hava Limanı 28  il Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunmuş ərazidə, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşir. İşğalçı Ermənistanın nəzarətində olduğu zaman hava limanı 2009–2012-ci illərdə əsaslı təmir olunub, beynəlxalq hava limanı şəklində istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu istifadəyə imkan verməyib. Bu səbəbdən hava limanı BHNA və BMAT tərəfindən verilən xüsusi kodlara malik deyil.

Hava limanı ilk dəfə 1974-cü ildə istifadəyə verilib. Dağlıq Qarabağ münaqişəsinə qədər hava limanı İrəvan–Stepanakert reyslərini həyata keçirib. 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan “Yak-40” təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. 1992-ci ildə Xocalının işğalından hava limanı dağınıq hala düşüb fəaliyyətini dayandırmışdır.

2009-cu ildə qondarma “Dağlıq Qarabağ Respublikası” burada perspektivdə İrəvandan və geriyə uçan təyyarələri təmin etmək məqsədiylə əsaslı təmir işlərinin başlanmasını elan etmişdir.  Buna baxmayaraq, hava limanının rəsmi açılışı bir neçə dəfə təxirə salınmışdır. Obyekt həm də "Stepanakert hava limanı" adı ilə rəsmən yalnız 1 oktyabr 2012-ci il tarixində açılsa da, bu günə qədər bir reys belə həyata keçirməmişdir.

9 may 2011-ci ildə AR Dövlət Mülki Aviasiya Administrasiyasının sədri Arif Məmmədov bildirmişdir ki, aviasiya qaydalarına əsasən, hər dövlət öz hava sahəsində yaxalanan icazəsiz uçuşların mövcudluğunda həmin uçuşlara qarşı uçan təyyarənin məhv edilməsinə kimi tədbir görmək hüququndadır. Ermənistan prezidenti Serj Sarqsyan bunu cavablandıraraq demişdi ki, İrəvandan Xankəndiyə uçan ilk təyyarənin sərnişini o özü olacaq. Lakin bu günə qədər Xocalı aeraportundan heç bir uçuş həyata keçirilməyib.