Xocalı dəhşətləri xocalıların xatirəsində - şahidlər danışır

12:40 27.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xocalı soyqırımı bağrımızda daim qanayan yaramız. 26 fevral 1992-ci ildə bir xalqın, insanlığın başına  gələ biləcək ən ağır hadisələr yaşandı o gün. O gün tək Azərbaycan xalqına deyil, ümumilikdə, bəşəriyyətə qarşı törədilmiş dəhşətin tarixidir. Xocalı soyqırımı nəticəsində 613 nəfər (63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla) Xocalı sakini qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüşdür. Əsirlərdən 150 nəfərinin taleyi bugünədək məlum deyil. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Xocalı şəhəri işğal edildikdən sonra, 14 577 insan öz dədə-baba torpaqlarından köçkün düşmüşdür.

Hafta.az-ın əməkdaşı o ağır günün şahidi olmuş Xocalı sakini Əbülfət Kərimov ilə həmsöhbət oldu. 29 il sonra o günün dəhşətlərini bir daha xatırladıq. Əbülfət bəy deyir ki, həmin gün yaşananları, hadisələri dillə demək, sözlə təsəvvür etmək mümkünsüzdür:

"Mən ilk gündən son günədək bütün hadisələrin şahidi olmuşam.  Hələ düşmən əlində girov da qalmışam. Həmin dövrdə Xocalı respublikadan təcrid edilmişdi. Bizə gətirilib-aparılan nə var idisə, hər şey vertolyotlarla həyata keçirilirdi. Düşmən demək olar ki, hər gün dinc sakinləri hədəf alırdı. Fevralın 25-dən 26-na keçən gecə hər şey əvvəlkilərdən fərqli oldu. O gün şəhəri dörd tərəfdən mühasirəyə aldılar. Düşmən Noraguh, Daşbulaq, Mehdikənd istiqamətindən atəş açırdı. Öz batalyonumuzla (Könüllülər batalyonu) birgə düşmənə qarşı saat 1-ə, 2-yə qədər müqavimət göstərdik. Gördük ki, bu daha mümkün deyil. Tankın, BTR-in qarşısında bizim silahlarımız nə edə bilər ki? Ondan sonra mülki əhalini kənddən çıxarmağa məcbur olduq. Əhalini çıxara bilmək üçün əsgərlərdən keçmək qeyri-mümkün idi. Böyük Vətən Müharibəsi veteranı, ikinci qrup əlil atam da bizimlə birgə idi. Həmin gün axşam biz yenidən mühasirəyə düşdük, onda da yanımızda kim var idisə hamısı pərən-pərən oldu".

Əbülfət dayı söyləyir ki, mühasirəni yarıb-çıxanda valideynimi itirdim. Meşədə onu axtaran zaman düşmənə əsir düşdüm:

"Düz, iki ay əsirlikdə qalmışam. Bu müddətdə o qədər əzab-əziyyət çəkmişəm ki, hansı birini deyim, heç bilmirəm. Ac-susuz qaldıq, gecələri 3 dəfə gəlib bizi döyürdülər. Əsirlikdə olan vaxt barmaqlarımı, qabırğalarımı qırdılar. Orada mənə 20-yə yaxın iynə vurmuşdular".

Həmin günləri ağrı-acı ilə xatırlayan Xocalı sakini indi öz yurdunda əmin-amanlıqla yaşayacağı günü gözləyir. O bildirir ki, bundan sonra orada yaşayan ermənilər də bizim vətəndaşlığımızı alırsa, niyə köçüb öz torpağımda yaşamamalıyam ki?!

Qeyd edək ki, soyqırımı nəticəsində, Əbülfət Kərimov atası da daxil olmaqla, 25 nəfər yaxın qohumunu itirib. Ümumilikdə, Kərimovlar nəslinin nümayəndələrinin 80 faizi bu dəhşətli gecənin qurbanı olub...

Digər həmsöhbətimiz isə Xocalını 17 yaşı olanda tərk edən, rayon sakini Əzimov Şahin Həsənbala oğludur. O deyir ki, doğma yurdum olan Xocalı yaddaşımda kədərlə, 26 fevral tarixində yaşanan ağır hadisələrlə xatırlanır. Ata-anam və 6 yaşlı əmimoğlu da daxil olmaqla, 28 nəfər yaxınımı soyqırımı nəticəsində itirdim. Həmin vaxt cəmi 17 yaşım var idi. İtkilərim isə təkcə qohum-əqrəbalarım olmadı. Uşaqlığımı, gəncliyimi, dostlarımı, ən əsası,  yurdumu itirmişəm o gün:

"Gecə saat 10-11 arası idi. Atışma başladı. Ermənilər şəhəri hər tərəfdən mühasirəyə almışdı. Evləri yandırır, camaata divan tuturdular. Ailəmiz və qohum-əqrəba ilə birgə Qarqar çayını keçib, Ağdam yolu ilə Əsgəran qəsəbəsinin Naxçıvanik deyilən ərazisinə gəldik. Səhər saatlarında burada dəhşətli qətliam başlandı. Elə yaxınlarımı həmin yerdə itirdim. Təsəvvür edin, buz kimi soyuq havada, səhərə qədər yol gəlmişdik. Ətrafımda yaxınlarım da daxil olmaqla 350-400 nəfərin cansız bədəni var idi. Qarlı-şaxtalı havada heç kəs daha yoluna davam edə bilmirdi. Ağappaq qar al-qana boyanmışdı o gün...".

Şahin bəy yaxın zamanlarda, Ağdam azad edildikdən sonra ora getdiyini söylədi. O an yaşadıqlarını isə kəlmələrlə ifadə edə bilmədi:

"İçimdə elə bir qəribə hiss var idi ki, sizə necə başa salım, bilmirəm. Həm sevinirdim, həm də o günlərin ağrısını təkrar yaşayıb kədərlənirdim. Ora gedəndə, sanki həmin hadisələri bir daha yaşadım. Ağdamın kəndləri viran qalıb. Qəbirləri ziyarət etdik. Orada evləri yandırıb, hətta ağacları belə kəsiblər. İnşAllah bir gün, 17 yaşımda tərk etdiyim doğma şəhərimə qayıdıb, orada yaşamaq qisnətim olar".

Başı qarabuludlu Xocalımızın sakinləri ilə həmsöhbət olarkən bir şeyi anladıq. Xocalı faciəsi şəkillərdə və videolarda gördüyümüzdən qat-qat dəhşətlidir. Elə bir dəhşət ki, hadisənin canlı şahidləri belə danışarkən çətinlik çəkdiklər.