Yanacaqla işləyən avtomobillər tarixə qovuşacaq 

14:29 27.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dünyada ekologiyanın təmiz saxlanılması ilə bağlı bir sıra konsepsiyalar qəbul olunur, proqramlar, layihələr müzakirə edilir. Ekologiyaya ziyan vuran vasitələrdən biri və deyərdik ki, ən çoxu avtomobillərin payına düşür. Ekoloqların araşdırmalarına görə, hər il ətraf mühit meqapolis  şəhərlərdə avtomobillər vasitəsi ilə çirkləndirilir. Ağır karbohidrogenlər asanlıqla oksigenlə birləşib öz zərərli təsirini göstərir. Bunun nəticəsidir ki, smoq yaranır.  

Son günlərin müzakirə mövzusu yanacaqla işləyən avtomobillərdən yaxın zamanlarda  hibrid növlü avtomobillərlə əvəzlənilməsi olacaq. Mütəxəsislər hesab edirlər ki, hibrid növlü avtomobillər ətraf mühitə ziyanı azdır.

Dekabrın 25-də “Excelsior” otelin konfrans zalında Prezident İlham Əliyev tərəfindən 27 dekabr 2018-ci il tarixdə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramının icrasının 1 illiyinə həsr edilmiş və ekoloji təmiz nəqliyyat vasitələrinin təbliğinə və təşviqinə dair ictimai müzakirə keçirilib.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələri olan hibrid və elektromobillərin ölkəmizə gətirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir: “

Bir çox ölkələrdə hibrid maşınlarının ölkəyə gətirilməsində 60-70 faiz güzəşt tətbiq edir. 

Azərbaycanda hibrid avtomobillərinə inam var, amma rüsumlar çox olduğu üçün insanlar əsasən köhnə versiyalar gətirirlər. Amma iki-üç ildən sonra təmir problemi yaranır və insanlar çətinliklər yaşayacaq. Biz istəyirik ki, həmin nəqliyyat vasitələrinin yeni versiyaları ölkəmizə gətirilsin və insanlar onları alsın. Təzə avtomobil təhlükəsizlik cəhətdən üstünlük təşkil edir. Yol-nəqliyyat hadisələrin artmasının bir səbəbi də avtomobilərin istismar müddətinin köhnə olmasıdır. Ölkədəki maşınların çoxu 30 ildən çox istismar olunur”.

Hafta.az-a bununla bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov dedi ki, hibrid avtomobili işə düşən zaman elektrik motorla işə düşür. Ekspertin sözlərinə görə, adi halda avtomobillər ışıqforda dayananda yanacaq sərf edir və bu, da ətraf mühit üçün təhlükəlidir:

“Hibrid avtomobillər isə ətraf mühitə ziyan vurmur. Ona görə də, ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərin gətirilməsi müsbət haldır”.