Yaponiya müdafiə büdcəsini iki dəfə artırmağı planlaşdırır

17:30 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yaponiya növbəti beş ildə müdafiə büdcəsini təxminən iki dəfə artırmağı planlaşdırır. Hafta.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

Parlamentin plenar iclasında əsas nitqlə çıxış edən nazir, müdafiə büdcəsini 332 milyard dollara çatdırmaq, həmçinin Yaponiyanın kiberməkanda və kəşfiyyat fəaliyyətlərində imkanlarını gücləndirmək planlarını açıqlayıb.

Baş nazirin sözlərinə görə, Yaponiya İkinci Dünya Müharibəsinin bitməsindən bəri "ən ciddi və mürəkkəb" təhlükəsizlik vəziyyəti ilə üzləşib.

Eyni zamanda, Kişida Yaponiyanın prioritetinin "aktiv diplomatiya" olmasının vacibliyinə diqqət çəkib, lakin "onu dəstəkləmək üçün müdafiə gücü tələb olunur".

Kişida enerji təhlükəsizliyi mövzusuna da toxunub. O, hökumətin atom elektrik stansiyalarında yeni nəsil reaktorların tikintisini təşviq edəcəyinə və nüvə reaktorlarının ömrünü uzadacağına söz verib.

Daxili siyasətdən danışan Kişida doğumun azalması ilə bağlı vəziyyəti dəyişmək, xüsusən də uşaqlı ailələrə maddi dəstəyi artırmaq üçün qəti addımlar atmaq niyyətində olduğunu da açıqlayıb.
"Biz uşaq mərkəzli iqtisadi cəmiyyət yaratmalı və doğum nisbətini dəyişdirməliyik" deyib.