“Yaşıl enerji”yə keçiddə dünyaya nümunəyik

13:52 01.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yaşıl enerjiyə keçid dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu ilin ilk 5 ayında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 faizə yüksəlib. Energetika Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 1748,6 MVt-dır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 faizini təşkil edir.

Qeyd edək ki, dövlət başçısının 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub.

Yeri gəlmişkən, bu yaxınlarda Prezident İlham Əliyev “Euronews”a müsahibəsində yaşıl enerjiyə keçid istiqamətində ölkəmizdə səmərəli işlər həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Eyni zamanda, ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməli qoyulub. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.
Prezident, həmçinin qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a  ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bununla da Prezident İlham Əliyev COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə, eləcə də dünyanın enerji sisteminə yeniliklər bəxş edəcəyinə diqqət çəkib. Şübhəsiz, bütün bunlar ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, yaşıl enerjiyə keçid çərçivəsində bp və “Nobel Energy” ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur: “2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində biz 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırırıq ki, bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq. 240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının “vitrin” layihəsi olacaq. “Şəfəq” layihəsinin bərpaolunan enerjisi Səngəçalda dünyanın ən böyük neft və qaz terminallarından birini elektrikləşdirəcək. Həmçinin bu ilin aprel ayında biz 100 meqavat gücündə günəş stansiyası üzrə ilk bərpaolunan hərrac elan etdik və hərracın nəticələri COP29 zamanı açıqlanacaq”.

P.Şahbazov vurğulayıb ki, bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğun atılan addımlardır.

Nazir əlavə edib ki, Xəzər dənizinin 157 GVt-lıq dəniz külək potensialından istifadə etməklə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması, ilkin mərhələdə 4 GVt yaşıl elektrik enerjisi və yaşıl qazın ixracı istiqamətində mühüm işlər görülür. O bildirib ki, bu layihə çərçivəsində tərəfdaş ölkələr - Gürcüstan, Rumıniya və Macarıstanla görüşlər keçirilib: “Bolqarıstan da bu layihəyə maraq göstərir. Layihənin texniki-iqtisadi əsaslandırmasının ilk nəticələri bu ilin sonuna qədər gözlənilir. Biz qərargahı Buxarestdə olan birgə müəssisə yaradırıq. Bu dəhlizin Mərkəzi Asiya ilə birləşdirilməsi imkanlarını da müzakirə edirik. Bu yaxınlarda yaşıl enerjinin ötürülməsi üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu imzalanıb”.

Nazir, həmçinin qeyd edib ki, “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin reallaşdırılması və bərpaolunan enerji mənbələrinin Azərbaycanın Naxçıvan bölgəsindən Türkiyəyə və daha sonra Avropaya ixracı üçün Türkiyə ilə əməkdaşlıq davam etdirilir: “Gördüyümüz kimi, Azərbaycan regionda yaşıl enerji əlaqələrinin genişləndirilməsi üçün körpü və yardımçı rol oynayır. Bərpaolunan enerjinin 3 dəfə artırılması ilə bağlı qlobal vədin həyata keçirilməsi regional kontekstdə vacibdir. Azərbaycan bu mərhələdə Avropanın enerji təchizatını yaşıl enerji və hidrogenlə şaxələndirə bilər”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert, professor Elşad Məmmədov bildirib ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesləri ilə bağlı düşünülmüş və praqmatik mövqe nümayiş etdirir: “Yaşıl enerji ilə bağlı məsələlərin aktuallığını dərk etməklə yanaşı, dövlətimiz və xalqımız ənənəvi enerji sektorundakı rəqabət üstünlüklərimizi də unutmur. Yaşıl enerjiyə münasibət elmi cəhətdən əsaslandırılmış şəkildə ölkəmizdə reallaşdırılır. Bu da Azərbaycandakı enerji siyasətinin üstün cəhətlərindən biri kimi şübhəsiz dəyərləndirilməlidir. İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjinin formalaşması və inkişafı prioritet istiqamətlərdəndir. Azərbaycanın əsas enerji daşıyıcıları ilə bağlı resurs bazası bu ərazilərdə yerləşmir, buna görə də həmin ərazilərdə yaşıl enerjinin və alternativ enerji generasiyasının inkişafı prioritet kimi nəzərdə tutulur. Bu ərazilərdə yaşıl enerjinin formalaşması və həmin istiqamətə sərmayələrin yatırılması daha çox öz inkişafını tapır. Hökumət enerji siyasətinin reallaşdırılmasında mərkəzi rol oynayır”.

Onun sözlərinə görə, Azərbaycanda yaşıl enerjinin və alternativ enerji generasiyasının inkişaf etdirilməsi üçün istehlakçılara və enerji istehsalçılarına müvafiq dəstəklər var: “Bu dəstək mexanizmləri reallaşdırılmalıdır ki, alternativ enerji generasiyasının effektiv inkişafı mümkün olsun. Eyni zamanda, ölkədə yaşıl enerjiyə keçid prosesini sürətləndirmək üçün dünya təcrübəsindən faydalanmalı, hüquqi və institusional çərçivələri möhkəmləndirməli, infrastruktur layihələrini dəstəkləməli və ictimai maarifləndirməni artırmalıdır. Bu addımlar Azərbaycanın enerji təhlükəsizliyini təmin edəcək, iqtisadi inkişafı sürətləndirəcək və ətraf mühiti qoruyacaqdır”.