"Rusların kredit portfeli 2023-cü ildə rekord səviyyədə artıb. Vətəndaşlar və bank sistemi üçün riskli bir nöqtədəyikmi?" - deyə yazan “İzvestya” qəzeti bu məsələni manşetinə çıxarıb.
Hafta.az-ın yazdığına görə, bu il oktyabr ayının sonunda Rusiya vətəndaşlarının ümumi kredit borcu sıçrayaraq 34,8 trilyon rubla, yəni 380 milyard dollara çatıb.
Mərkəzi Bankın məlumatına görə, vətəndaşların kredit borcları təkcə bu ilin ilk 10 ayında 6 trilyon rubl (65 milyard dollar) artıb. Builki kreditlərin 60 faizi sərfəli şərtlərlə ipoteka kreditləridir.
Kredit istifadəsinin artmasına səbəb kimi ilin birinci yarısında faiz dərəcələrinin aşağı olması və təxirə salınmış tələbin reallaşması göstərilir.
İqtisadçılar bu qənaətdədirlər ki, kreditlərin intensiv istifadəsi səbəbindən artıq borclanma riski olsa da, Mərkəzi Bankın faiz dərəcələrini artırmasından sonra kreditlərdən istifadə səngiyib.
Hər şeyə baxmayaraq, ekspertlər xatırladırlar ki, 2023-cü ilin üçüncü rübündə vətəndaşların borc/gəlir nisbəti orta hesabla 36 faiz təşkil edir, məsələn, ABŞ-da bu nisbət 84 faizə yüksəlir.
Rusiyada faiz dərəcəsi 16 faizdir. 2023-cü ilin iyulunda bu 7,5 faiz təşkil edib.