Ermənistanın təxminən 30 ildir işğalda saxladığı Azərbaycan torpaqlarını müzəffər ordumuz cəmi 44 günə geri qaytardı. Noyabrın 10-da sülh szişi imzalandı, təfsilatına varmaq istəmirəm, hər halda Ağdam, Kəlbəcər və Laçın rayonlarını, üstəlik, Qazaxın kəndlərini də azad etmək üçün Ermənistan öz üzərinə öhdəlik götürdü. Düzdür, İrəvan Kəlbəcərdən çıxma müddətini daha 10 günlüyünə artımağı xahiş elədi, eybi yox dedik, sadəcə bir-iki gün qalıb.

Amma Ağdam rayonunun ərazisini deyilən vaxtda – noyabrın 20-da Azərbaycan dövlətinin idarəçiliyinə qaytardılar. Budur, ordumuz Ağdam şəhərinə, sonra da bir-bir bütün kəndlərə üçrəngli bayrağımızı sancdı. Amma bu kəndlərin üzüqərbə sonuncusu ermənilərin yığcam məskunlaşdığı və hazırda Rusiya sülhməramlıları tərəfindən himayə və mühafizə edilən erməni kəndləri ilə hüdudlanır. Məhz bu hüduddan o tərəfdə Xocavənd, Xocalı və Ağdərə rayonları, mərkəzdə isə Xankəndi şəhəri yerləşir. Bu gün adıçəkilən rayon və şəhərləri, Rusiya ordusunun arxasında gizlənən Qarabağ separatçılarının özü kimi qondarma lideri Araik Arutyunyan idarə edir. Amma ümidimiz üzülməyib, “gec olsun, güc olsun” deyib işğal altındakı bütün torpaqları geri qaytardığımız kimi, gün gələr o yerlərə də ayaq basarıq deyib, səbrimizi basıb, gözləyirik.
Şuşa Azərbaycanın mənəvi paytaxtı, qəhrəmanlıq meydanı, qürur yerimiz olduğu kimi, Xankəndinin də mənəvi dəyərləri var. Sovetlər dönəmində ermənilər adını dəyişib Stepanakert qoysa da, doğuluşundan xan obası olan Xankəndi türk yurdu olaraq tarixdə öz yerini qorumaqdadır.
Gəlin bir az bu başıbəlalı şəhərin özəlliklərinə nəzər salaq:

Xankəndi şəhəri inzibati dairəsinə Kərkicahan qəsəbəsi də daxildir. Bütövlükdə 8,6 kvadratkilometr ərazidə salınmış şəhərdə ötən ilin statistikasına əsasən 58 minə yaxın insan yaşamaqdadır (55,6 min nəfəri Xankəndinin özündə, qalan 2,4 min nəfərsə Kərkicahan qəsəbəsində - V.T.). Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin 56 min nəfərin 20,8 faizi, yəni 11,5 min nəfəri milliyyətcə azərbaycanlılardır. Hə, Xankəndidən olan 6 rus sakin də var. Təəssüflər olsun ki, bu gün həmin o 11,5 min azərbaycanlı və 6 rus sakin erməni separatçılarının qətliamına uğramamaq üçün Xankəndi şəhərindən uzaqlarda – Azərbaycanın fərqli şəhər və rayonlarında yaşayırlar.
Xankəndinin tarixi Ağdam, Gəncə və ya digər qədim şəhərlərimizin tarixi kimi əski deyil – mənbələrdə XVIII əsrin ikinci yarısında salındığı qeyd edilir. Belə ki, həmin dövrdə Qarabağ xanlarının istirahət etməsi üçün Qarabağ Xanlığının paytaxtı Pənahabad şəhərinin (indki Şuşa şəhərinin) cəmi 10 kilometrliyində yaşayış məskəni kimi salınır. Burada tikilən tikililər, salınan bağ-bağçalar əsl cənnəti xatırladıb və sırf xan ailəsinin yaşaması üçün nəzərdə tulub. Özü də şəhər salınarkən, xanlığın digər şəhər və kəndlərinə - Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın yer seçilir. Ən maraqlısı isə bu idi ki, istər yeni salınan Xankəndidə, istərsə də yaxınlığında yerləşən, adlarını çəkdiyimiz və çəkmədiyimiz bütün məntəqələrdə ancaq azərbaycanlılar yaşayırmış.

İlk illər yeni yaşayış məskənində ancaq xanın ailəsi və yaxın qohumları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Sonradan tədricən genişlənən yaşayış məntəqəsi Xankəndi adını alır.
Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır, 1813-cü ildə Gülüstan müqaviləsi imzalandıqdan sonra bölgəyə tam nəzarəti ələ keçirən Rusiya, Xankəndinin də aqibətini dəyişir. Burada xanların statusları ləğv edilir və rusların özünəməxsus idarəçiliyi başlayır. Yerli əhali arasında işğalçılara qarşı mütəmadi şəkildə qalxan üsyanlarını yatırmaq üçün bütün Qarabağda olduğu kimi, Xankəndidə də rus hərbi hissələri yaradılır. Bundan sonra isə, İrandan Xankəndiyə, rus hərbçilərə xidmət edəcək çox sayda erməni ailələrinin köçürülməsinə başlanılır. Mənbələrdə qeyd edilir ki, sırf Azərbaycan-türk şəhəri olan Xankəndidə 1847-ci ildə artıq 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Təxminən 50 il sonra - 1900-cu ildə Xankəndidə artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndidə erməni və rus əhalinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri - azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq, onlar Xankəndidə ciddi söz sahibi olublar və hakimiyyət onlarla hesablaşıb…
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan ötmədi. Ermənilər hər yerdə Azərbaycan türklərinə qarşı soyqırımlar həyata keçirməyə başladı. Fikir verin, SSRİ dağılarkən ermənilər necə ki, Dağlıq Qarabağda yerləşən 366-cı polkun hərbi-texniki və canlı əsgəri köməkliyi ilə azərbaycanlıları bütün kəndlərdən çıxardılar və bu zaman yüzlərlə insanımızı qətlə yetirdilər, Xocalı şəhərində soyqırım törətdilər, o dövrdə də məhz Qarabağ ərazisində yerləşən rus hərbi bazalarının ciddi dəstəyi ilə bölgədə azərbaycanlılara qarşı dəhşətli qırğınlar həyata keçirmişdilər.
Deyilənə görə, 1921-ci ildə Xankəndidə 85 ailədən ibarət 398 azərbaycanlı, 226 ailədən ibarət 981 erməni yaşayırmış. 1923-cü il iyulun 7-də Moskvanın əmri ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması haqqında qərar qəbul edir və təbii ki, haqqında söz açdığımız Xankəndi şəhəri də bu muxtariyyətin inzibati mərkəzi olur. Amma çox təəssüf ki, həmin il oktyabrın 6-da Xankəndinin adı dəyişdirilərək Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılır və 68 il bu adla tanınır. Yalnız 26 noyabr 1991-ci il tarixində Azərbaycan parlamenti şəhərin əsl adını özünə qaytarır və Xankəndi yenidən sənədlərdə və dillərdə yaşamağa başlayır…

Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə uzun illər Dağlıq Qarabağdakı separatçı rejimin simvollarından biri kimi tanınıb. Bu abidənin əsl adı "Biz və bizim dağlar"dır. Abidə 1967-ci ildə Xankəndi yaxınlığında Azərbaycan SSR sakini tərəfindən Azərbaycan SSR ərazisində Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdı.

2009-cu ildə Azərbaycan ərazisindəki abidənin təsvirinin erməni ifaçılarının 2009 Avroviziya Mahnı Müsabiqəsinin reklam çarxına daxil edilməsi ilə bağlı Azərbaycan XİN-in etirazından sonra Eurovisionun təşkilat komitəsi ermənilərin bu hərəkətini həqiqətən siyasi addım hesab etmiş və həmin hissəni videogörüntüdən çıxartmışdı.
Bakıdan 329 kilometr qərbdə yerləşən Xankəndinin təbiəti çox rəngarəngdir. Burada elə endemik bitkilərə rast gəlinir ki, onları başqa yerlərdə görmək mümkün deyil. Hirkan ənciri, Hirkan şümşəsi – pırkal, təkdənli buğda, uzunyarpaq tozbaş səhləb,vələsyarpaq azat və sair kimi qiymətli ağaclar Xankəndi ətrafında qarışıq meşələr şəklində yayılıb.
Bölgənin havası əsasən mülayimdir. Dağlıq ərazidə yerləşdiyi üçün hava qışda soyuq, yayda isə sərin keçir.
Xankəndi elə coğrafi mövqedə yerləşir ki, ora şərqdən Ağdamdan, qərb istiqamətindən Kəlbəcərdən, şimaldan Ağdarə vasitəsilə Tərtərdən, güneydən Xocavənd istiqamətindən Füzulidən və ən əsası, cənub-qərbdən Şuşa kimi şəhərdən yollar uzanır. Hətta Xankəndini Ağdam vasitəsilə Bakıya dəmir yolu da birləşdirir. Təəssüf ki, bu gün o yolların hamısı bağlıdır. Bəlkə də adlarını çəkdiyimiz o şəhərlərdən Xankəndiyə uzanan yollar artıq çoxdan uçulub dağılıb, yeri də şumlanıb. Amma təəssüflənməyək, bir gün gələr, o yollar yenidən açılar, dağılan yerlər təkrar tikilər və biz azərbaycanlılar öz tarixi şəhərimiz olan Xankəndiyə gedib-gələrik. Şair demişkən, axı “getməsək də, gəlməsək də, o kənd bizim kəndimizdir”...