Yüzillərin daş yaddaşı - Xudafərin

12:35 21.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

El arasında Araza həsrət, ayrılıq çayı da deyirik. Çünki qardaşı qardaşdan ayıran bu bulanıq sulu çay iki əsrdən artıqdır ki, sahillərini tikanlı məftillərə sarıyaraq əzizləri bir-birinə həsrət qoyub. Amma nə yaxşı ki, yaşı min il olan Xudafərin körpüsü ayrılıq çayının sahillərinə qapı açmaq ümidimiz olub.

Ermənistan ordusu da 27 il öncə Arazın quzey sahillərindəki torpqları işğal etməklə, xalqımızın Xudafərin adlı ümidinə baxmasına da imkan verməyib. Amma hər qaranlıq gecənin bir işıqlı sabahı var deyib ataalrımız, uzun ayrılıqdan sonra Azərbaycanın qəhrəman ordusu qaniçən erməni törtöküntüsünü torpaqlarımızdan qovaraq məhz Xudafərin körpüsünün qapısına üçrəngli bayrağımızı sancdı.

Xudafərin körpüsünün az qala elə işğaldan azad edilən torpaqlarımız qədər böyük mahiyyət daşımasının səbəbi nədir? Nəzər salaq: Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi – haqqında söz açdığımız Xudafərin Xudafərin körpüləri dövrümüzədək qalmaqdadır. Körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə, onu 639-cu ildə Məhəmməd peyğəmbərin yaxın dostu Bəkr ibn Abdullah tikdirib. Amma günümüzdə gördüyümüz 15 aşırımlı körpü XII əsrdə təmir edilib, yəni ilk tikildiyi görünüşdə olmaya bilər. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən olan Xudafərin dərəsində yerləşir. Burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynayıb. Körpülərin böyüyü 15 aşırımlı olmaqla memarlıq üslubuna görə XII əsrin abidəsi sayılır. Qumlaq kəndində olan bu abidənin təməli daha qədimlərdə qoyulub. Körpü dəfələrlə təmir-bərpa işlərinə uğrayaraq indiki görkəmini alıb.

Körpü tağlarının dayaqları təbii özüllər - sudan çıxan qayalar üstündə ucaldığından onun aşırımları müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilən 15 aşırımlı körpünün tağları sivri biçimli olub, ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü  maksimum 12 metr, ən geniş tağ aşırımı 5,8 metrdir. Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas inşaat kütləsi çay daşındandır.

Haqqında danışdığımız 15 aşırımlı körpüdən 750 metr qərbdə yerləşən 11 aşırımlı körpü başdan-başa daşdan tikilib və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənilib. Araşdırmaçılar bu körpünün XIII əsrdə, Elxanilərin (Hülakülər) hakmiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyini deyirlər. Onun uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Körpünün üç orta tağı sağ qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılıb. Həmin vaxtdan da yerli əhali bu körpüyə Sınıq körpü adını da verib.

Tikinti materialı və memarlıq biçinlərinə görə daha monumental görünən 11 aşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri də aşkar edilib. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı, Xudafərin körpülərinin, xüsusilə, Sınıq körpünün güclü bədii ifadəliliyi də var. Onlar öz ətrafında Arazın hər iki sahilində yerləşən Azərbaycan torpağındakı çoxlu mədəni dəyərləri – müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birlşdirirdi. Beynəlxalq əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.

Transkontinental yollar, o sıradan Böyük İpək Yolu üzərində olduğundan Xudafərin körpüləri yüzillərlə ölkələrarası əlaqələrdə böyük rol oynayıb. Müxtəlif dövrlərdə ayrı-ayrı xalqların və qüvvələrin miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun, hər il cənubdan Aran və Qarabağ bölgələrinə gedən güclü mövsüm axınlarının da qovşağı olub.

Oxunma sayı 1529
Gündəm rubrikasından digər xəbərlər