Zəngəzur dəhlizi İran üçün təhlükə yox, yeni fürsətdir - Ekspert

20:09 21.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünən prezidentin Zəngilanda səfərdə olması, orda Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalar, Rusiyada keçirilən üçtərəfli kamissiyanın görüşü regionda həm də mühüm proseslərin getdiyinə işarədir.

İran nəhayət Qarabağa yolladığı yük maşınlarına qadağa qoydu.  Bunun ardınca Azərbaycan Xankəndinə gedərkən tutulmuş  iki İran vətəndaşını öz ölkəsinə geri qaytardı.

Belə bir ərəfədə Ermnistanın baş naziri Nikol Paşinyanın da Zəngəzur dəhlizinin açılmasına yönəlik çıxışları, eləcə də Azərbaycanın Naxçıvana həm avtomobul, həm dəmir yolu vasitəsi ilə bağlanacağı ilə bağlı fikirləri birmənalı qarşılanmır.

Maraqlıdır, Ermənistan Zəngəzur dəhlizinin aılması ilə barışıbmı, yoxsa bu, görüntü yaratmaq üçündür. Yaxud, İranla Azərbaycan arasında qarşılıqlı humanist jestlər davamlı olacaqmı?

Bu istiqamətdə hafta.az-a danışan politoloq Natiq Cəfərli  ilk növbədə bildirib ki, son vaxtlar İranla yaranan gərginliyin qaynağı Azərbaycan deyil.  Onun sözlərinə görə, Azərbaycan İran tərəfindən atılan addımlara qarşı adekvat addımlar atdı.

“Azərbaycan İran üçün bir çox ölkələrə açılan qapı idi. İrana qarşı sanksiyaların sərtləşdirildiyi dövrdə Azərbaycan sanksiyalara qoulmayaraq İran mallarının Azərbaycan üzərindən Rusiyaya, Orta Asiya respublikalarına, Baltik ölkələrinə keçməsinə şərait yaradırdı. İran tərəfi əslində Rəşt istiqamətində dəmir yolunun yenidən qurulması üçün  500 milyon dollara yaxın kredit xətti ayrılmasına baxmayaraq bu layihəni gecikdirir. Lakin bu Azərbaycan tərəfindən edilən kifayət qədər pozitiv jestlər idi. Əgər bu gərginlik artsaydı  İran tərəfinin ziyanı daha çox olacaqdı.  Azərbaycan kimi xoş münasibət göstərən dövlətlə münasibətərin tamamilə pozulması  İranın strateji maraqlarına cavab vermir.  Ona görə də İran tərəfindən belə bir mövqenin sərgilənməsi çox qəribə idi.  İqtisadi fürsətləri və iqtisadi qazancları ola-ola geosiayasi məsələlərə görə anlaşılmaz şəkildə Azərbaycanla gərginliyin artırılması İranın özü üçün kifayət qədər problemlər yaratmışdı”.

Politoloq bildirib ki, artıq diplomatik kanallar işə düşüb və münasibətlərin normallaşması üçün qarşılıqlı addımların atılması  qərarlaşdırılıb.  N.Cəfərli hesab edir ki, getdikcə bu qarşıdurma səngiyəcək. Lakin hər şey İrandan asılıdır.

“İran 10 milyonluq Azərbaycan bazarı və Azərbaycan körpüsündən istifadə edib dünyaya çıxmağı  seçirsə Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmalıdır. Ermənistanla münasibətlər üzərindən Azərbayacanla münasibətləri pozmaq İrana heç nə vermir. Ermənistan kiçick bir bazardır, başqa yerlərə çıxış imkanları yoxdur.  Zəngəzur koridorunun açılmasından sonra İranın dünyaya çıxışı daha da arta bilər.  İranda gərginliyin artırılmasının heç bir xeyir verməyəcəyini anlayan  qüvvələr də var və getdikcə münasibətlərin normallaşdırılması  yolu ilə İranın regional layihələrdən kənarda qalmaqdansa  iştirakçı olmasını daha doğru sayırlar.  Bu doğru yanaşmadır, Zəngəzur dəhlizinin açılması İran üçün təhlükə yox, yeni fürsətlər yaradır”.

Politoloq hesab edir ki, Azərbaycan hər kəsə qapıların açılmasına, iqtisadi münasibətlərin qurulmasında iştiraka və əməkdaşlığa dəvət edir.  Onu sözlərinə görə, 6-lıq platforması Türkiyə tərəfindən təklif olunub, Azərbaycan tərəfindən dəstəklənib.  Burda hərənin öz qazancı fürsət və imkanları yaranır.  Burda Ermənistan da qazanır. Çünki  Ermənistan iqtisadi və loqistik tupikdə yerləşən bir ölkədir. Zəngəzur dəhlizi vasitəsi ilə  Türkiyəyə, İrana, Azərbaycan üzərindən Rusiyaya, Orta Asiyaya da yeni yollar, yeni marşrutlar əldə edir”.

N.Cəfərli hesab edir ki, burda inam məsələsi deyil, qarşılıqlı qazanc məsələsi güdülür.  Ona görə də ehtiyatı əldən verməyərək Azərbaycan yenə də bu məsələlərdə aparıcı rol oynamalıdır.

Politoloq münasibətərin istiləşməyə doğru dəyişməsində region rəsmilərinin apardığı danışıqların eləcə də, digər görüşlərin təsirini istisna etmədi. 

“İran da gördü ki, regionda onun iştirakı olmadan bu məsələlər həll olunacaq.  Kənarda qalıb fürsətlərdən məhrum olmaqdansa, razılıq verib  bu prosesin iştirakçısı olmaq daha məntiqlidir. Ona görə də yumşalma baş verdi. Bizim əsas tələblərimizdən biri Xankəndinə  göndərilən yüklərin Azərbaycan nəzarətindən  keçməsi və Azərbaycanın ərazisi kimi İran tərəfindən tanınması idi.  Bu doğru və hüquqi yanaşma idi.  Mənə elə gəlir ki, iran tərəfi artıq bu məsələdə güzəşt etdi”.

Paşinyanın yumşalması və etdiyi çıxışa gəlincə, politoloun sözlərinə görə, əsas məsələ odur ki, karidorun açılmasında Rusiyanın ciddi marağı var.  Çünki Rusiya Ermənistanla quru əlaqəsini ancaq Gürcüstan vasitəsi ilə həyata keçirirdi.  Gürcüstanla da Rusiya arasında xoş olmayan münasibətlər var.  Bundan başqa texniki məsələ də var idi ki,  Gürcüstanı Rusiyaya bağlayan yuxarı Lars yolu qar uçqunları, yol uçqunları üzündən kifayər qədər təhlükəyə çevrilir.  Yerüstü əlaqələr kifayət qədər problemə çevrilir.  Lakin Zəngəzurda Rusiyanın Ermənistanla Azərbaycan üzərindən həm dəmir yolu, həm avtomobil yolu ilə kifayət qədər rahat, ucuz əlaqəsi yaranır. Paşinyan anlayır ki, Rusiya  Azərbaycanla bu yolu açacaqsa, kənarda qalmaqdansa bu prosesə qoşulub  iştirakçı olması və müəyyən maraqlarının təmin olunması daha yaxşıdır.  Paşinyan strateji olaraq doğru yolu seçdi”.

Siyasət rubrikasından digər xəbərlər