Üçtərəfli müqaviləyə əsasən sülhməramlıların Qarabağda öz missiayasını lazımi şəkildə icra etməməyi ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır. İndi isə gündəmi Dağlıq Qarabağdakı ermənilərə Rusiyanın vətəndaşlıq pasportlarının paylanılacağına dair informasiyalar zəbt edib. Bu iddianı «BBC» ortaya atıb.
Politoloq Qabil Hüseynli hafta.az-a bildirib ki, Rusiya sülhməramlıların Qarabağda səlahiyyətlərini aşması Kremlin də imzaladığı üçtərəfli bəyannamənin müddüəlarını pozmaqdır.
“Bəyanata əsasən qoşunlar müqavilə bağlanan andan tutduğu ərazilərdə qalmalıdır. Lakin sülhməramlılar işğaldan azad olunan rayonlarda, xüsusilə Hadrutda sərhədləri ermənilərin arzularına uyğun olaraq irəli çəkməyə çalışırlar. Danışıqlarda bütün mübahisəli məqamlar öz yerini tutmalıdır”.
Q.Hüseynli bildirib ki, bir qədər öncə Rusiyanın Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərə rus pasportlarının verilməsi ilə bağlı məsələlər də heç bir reallığı əks etdirmir.
“Rusiya bu cür təxribatçı çıxışlara davam edərsə, bölgədə yenidən müharibə başlaya bilər. Rusiya isə belə bir riskə gedə bilməz. Bura Abxaziya və Osetiya deyil. Bura Azərbaycanın torpaqlarıdır. Azərbaycan isə başqa bir dövlətə öz torpaqlarında özbaşına hərəkətlər etməyə imkan verməyəcək. Üstəlik bu prosesdə Türkiyə faktoru var və Türkiyə buna imkan verməyəcək. Hesab edirəm ki, belə təxribatçı çıxışlar göyə buraxılan şardır. Hələlik “o şarın” hara qədər ucaçağını yoxlayırlar. Bu planlarının baş tutacağını gözləmirəm”.
Politoloq bildirib ki, bu gün üçtərəfli bəyannaməyə əsasən Azərbaycan ərazilərində erməni silahlılarının niyə hələ də ərazilərdən çıxarılmamasının səbəblərini mütləq Putindən soruşmaq lazımdır.
“Görünən odur ki, ermənilər yavaş-yavaş partizan müharibəsini reallaşdırmaq istəyirlər. Lakin bizim xüsusi təyinatlılar terrorçuları dərhal tərksilah edib, məhv edirlər”.
Politoloq bölgədəki gərginliyin aradan qaldırılması və bütün ərazilərimizdə hüquqi nəzarətin 5 il müddətində Azərbaycanın ixtiyarına keçəcəyi ehtimalın önə çəkərək, bildirib ki, bu müddət ərzində həm də ermənilərlə azərbaycanlıların birgə yaşayışının təmini olmalıdır.
“Lakin terrorçu ermənilərin və sülhməramlıların hərəkətləri o qədər narahatedicidir ki, bu işin tez bir zamanda hıll olunacağını söyləmək bir o qədər çətindir”.