"Ölkəmizdə zəlzələ sığortasının ayrıca tətbiqinə ehtiyac yoxdur. Çünki 2011-ci ildən ölkədə tətbiq edilən daşınmaz əmlakın icbari sığortası bütün təbii fəlakətləri əhatə edir. Lakin işlək cərimə mexanizmi olmadığı üçün bu icbari sığorta növü geniş yayılmayıb. Əgər sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişləri çox olsa, bu sığorta növünə maraq artacaq, hər kəs də öz evini sığortalayacaq".
Bunu Hafta.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda çox məhdud sayda vətəndaşlar öz fərdi yaşayış evlərini sığortalayırlar: “Demək olar ki, evlərin sığortalanması çox az halda könüllü xarakter daşıyır. Vətəndaşlar əsasən icbari qaydada, yaxud da mənzilin satışı zamanı mənzillərini sığortalayırlar. Yəni, 50 manat ödəməklə daşınmaz əmlakın icbari sığortasını həyata keçirirlər. Bu da bir illik olur, bir ildən sonra vətəndaşlar bu sığortanı yenidən etmirlər”.
Ekpert bildirib ki, əmlakların sığortalanmasının faydaları çox böyükdür: “Vətəndaşlar bilməlidirlər ki, evlərdə hər hansı baş verən zərər nəticəsində sığorta onu qarşılayacaq. Sadəcə olaraq, vətəndaşlarda sığortaya inam tam formalaşmadığı üçün buna bir qədər etinadsız yanaşılır. Vətəndaşları buna təşviq etmək üçün sığorta şirkətləri də bir çox işlər aparmalıdırlar, inam yaratmalıdırlar. Vətəndaş əmin olmalıdır ki, doğurdan da, onun evinə hər hansı bir zərər dəydikdə,o ödəniləcək. Bundan sonra demək olar ki, vətəndaşlar könüllü şəkildə o sığortaya maraq göstərər".