ŞƏT üzv dövlətlərinin Media və Analitik Mərkəzlər Forumu başa çatıb

20:07 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərinin Media və Analitik Mərkəzlər Forumu başa çatıb. Tədbirdə ŞƏT-ə üzv olan 26 dövlətdən, müşahidəçi dövlətlərdən və tərəfdaş təşkilatlardan təxminən 250 nümayəndə iştirak edib. Onların arasında milli xəbər agentliklərinin rəhbərləri, baş redaktorlar, media qurumlarının, beyin mərkəzlərinin, akademik qurumların, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri yer alıb.

Hafta.az bildirir ki, forumda Azərbaycanı AZƏRTAC, Medianın İnkişafı Agentliyi və “Trend” Xəbər Agentliyinin əməkdaşları təmsil edib.

Forumda iştirakçılar dövlətlərarası etimadın möhkəmləndirilməsində media və beyin mərkəzlərinin rolunu, eləcə də informasiya sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər. Həmçinin dezinformasiya ilə mübarizə, medianın rəqəmsal transformasiyası, süni intellektin imkanları və humanitar-iqtisadi əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Plenar iclaslar çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq, infrastruktur əlaqələrinin inkişafı, yaşıl inkişaf, mədəni və humanitar əlaqələr, sivilizasiyalararası dialoq və yeni texnologiyaların rolu mövzuları üzrə məruzələr dinlənilib.

İştirakçılar ŞƏT çərçivəsində informasiya və ekspert əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb, media və beyin mərkəzləri arasında əlaqələrin genişləndirilməsinə yönəlmiş birgə təşəbbüslər irəli sürüblər.

Forum “ŞƏT yeni dövrdə: qarşılıqlı anlaşmadan praktik əməkdaşlığa doğru” devizi altında keçirilib. Tədbir Qırğızıstanın “Kabar” və Çinin “Sinxua” milli xəbər agentlikləri tərəfindən təşkil olunub.