“Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyədəki xüsusi qulluq mərkəzlərində (Bakım Evleri) işə qəbul üçün müraciətlərin qəbuluna start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən hafta.az-a verilən məlumata görə, baxıcı vakansiyası üzrə işə qəbul olunacaq şəxslər qeyd edilən xüsusi qulluq mərkəzlərində əlilliyi olan şəxslərə, həmçinin daimi qulluğa və reabilitasiyaya ehtiyacı olan yaşlı şəxslərə stasionar formada (özləri də həmin mərkəzlərdə gecələməklə) peşəkar qulluq göstərəcək, onların gündəlik ehtiyaclarının qarşılanmasını təmin edəcəklər.
Məlumata əsasən, vakansiya üzrə əməkhaqqı məbləği Türkiyədəki minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən olunub.
Qeyd edilib ki, əlavə olaraq, işəgötürən tərəfindən aviabilet, viza rüsumu, yaşayış yeri və qidalanma xərcləri tam qarşılanacaq.
Vakansiya üzrə işə qəbul ediləcək şəxslərdən əlilliyi olan və yaşlı şəxslərin şəxsi qulluq ehtiyaclarını qarşılamaq, fərdi qayğı planına uyğun xidmət göstərmək, xidmət alan şəxslərə zərər vura biləcək hər hansı münasibət və davranışın qarşısının alınması istiqamətində nəzarət tədbirlərini həyata keçirmək və aidiyyəti məsul şəxsləri məlumatlandırmaqn tələb olunur.
Dövlət Məşğulluq Agentliyi Türkiyədə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri bu vakansiya üzrə müraciət etməyə dəvət edir. Onlayn qaydada müraciətlərin son tarixi cari il avqustun 27-dir.