Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 27-də Oğuzda vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, Oğuz və Qəbələ rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlərin iştirak etdiyi görüşdə qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərlərinin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
Görüşdə xatırladılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətdə keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyeva da bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərir. Hazırda dövlət başçısının müəyyənləşdirdiyi əsas vəzifələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlər üçün təhlükəsiz və layiqli yaşayış şəraitinin yaradılması, onların doğma yurdlarına qayıdışının sürətləndirilməsi və dayanıqlı məskunlaşmanın təmin edilməsidir.
Vurğulanıb ki, qayıdış prosesi uğurla və mərhələli şəkildə davam etdirilir. Bu proses çərçivəsində ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan ailələrin köçürülməsinə üstünlük verilir.
Vətəndaşların müraciətləri əsasən “Böyük Qayıdış” proqramının icrası, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.