"Əhali bir otaqlı mənzillərdə artmır"

09:35 24.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da 20-ci əsrin ortalarında körpə bumunun ən mühüm səbəblərindən biri əlverişli şərtlərlə verilən mənzil kreditləri olub. Amerika Milli İqtisadi Tədqiqatlar Bürosunun hesabatına görə, 1934-1960-cı illər arasında hökumət tərəfindən maliyyələşdirilən ipoteka proqramları təxminən 3 milyon əlavə doğuşa səbəb olub.

Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, rus ekspertlər bildirirlər ki, bu cür siyasətlər Rusiyada da doğum səviyyəsini artıra bilər. Qəzet bununla bağlı xəbərini belə adlandırmağı məqsədəuyğun hesab edib: “Əhali bir otaqlı mənzildə körpə bumu ilə yaşaya bilməz”.

Rusiyada mövcud mənzil krediti siyasətlərinin də oxşar effekti olub-olmayacağı ilə bağlı suallar var. Ölkədə ailə mənzil kreditlərinin əksəriyyəti kiçik şəhər mənzillərinə yönəldilib. Bank məlumatlarına görə, ailə ipoteka kreditlərinin təxminən 45-50 faizi bir otaqlı mənzillərə yönəldilir. Mütəxəssislərin fikrincə, bu vəziyyət çoxuşaqlı ailələrin yaşayış sahələrini məhdudlaşdırır və çoxuşaqlı ailə quruluşunu təşviq etmək əvəzinə, mənzil şəraitinə görə uşaq sahibi olmağı çətinləşdirir.

İqtisadçıların fikrincə, Rusiyada mənzil siyasəti demoqrafik hədəflərə uyğun olaraq yenidən nəzərdən keçirilməlidir. Xüsusilə bildirilir ki, çoxuşaqlı ailələrin rahat yaşaya biləcəyi daha böyük yaşayış evləri və sərfəli qiymətə fərdi evlər təşviq edilməlidir. Bununla belə, kənd və şəhərətrafı ərazilərdə yaşayış binalarının tikintisi zamanı infrastruktur çatışmazlıqları kimi böyük problemlər mövcuddur. Nəqliyyat, təhsil və səhiyyə xidmətlərində yaranan problemlər ailələrin şəhərin mərkəzində ilişib qalmasına səbəb olur.

Ekspertlər vurğulayırlar ki, dövlət tərəfindən dəstəklənən ipoteka sistemi təkcə mənzillərin alınmasına deyil, həm də şəhərətrafı və kənd yerlərində daha geniş yaşayış sahəsi təklif edən mənzil layihələrinə yönəldilməlidir. Bundan əlavə, ailələrin maddi yükünü azaltmaq üçün təhsil, səhiyyə və uşaq baxımı xidmətlərində dəstəkləyici siyasətlərin artırılmasının lazım olduğu bildirilir. Belə genişmiqyaslı islahatların doğum göstəricilərinin artırılmasında və əhali siyasətinin gücləndirilməsində daha təsirli olacağı düşünülür.