Ceyms Bondun namizədi Den Stevens 007-ni oynamaqda maraqlı olub-olmayacağına təəccüblü cavab verib.
Hafta.az-ın "Screen Rant"a istinadən yazdığına görə, Daniel Kreyq "No Time To Die" filmi ilə franşizadan ayrıldıqdan sonra smokin geyinəcək növbəti şəxsin kim ola biləcəyi ilə bağlı şayiələr və xəbərlər geniş yayılıb. Rolun Aaron Taylor-Consona təklif edildiyinə dair xəbərlər getdikcə artsa da, “Godzilla x Kong: The New Empire” filmlərində baş rolda oynayan Stivensin adı uzun müddətdir ki, 007 ilə yanaşı çəkilir.
Dan Stivens "Backstage"ə müsahibəsində Ceyms Bondu canlandırmaq üçün nəzərdə tutulan namizədlərdən biri olması ilə bağlı şayiələrə cavab verib. 2014-cü ildə rejissor Adam Vinqardın çəkdiyi "The Guest" filmi ilə tanınan aktyor 007 seriyasında oynamaq istədiyi fərqli bir personajın olduğunu xatırladaraq, Ceyms Bond rolunun niyə bu qədər populyarlaşdığını da sual altına alıb.
"Bu rolun niyə uğur meyarına çevrildiyini dəqiq bilmirəm" deyən 41 yaşlı aktyor əlavə edib: "Mən o filmləri sevirəm. Mən əla Bond olardım, əlbəttə. Amma düşünürəm ki, pis adam olmağa üstünlük verərdim", - aktyor deyib.
Britaniyalı aktyor “Amma etdiyim işi bu səbəbdən etmirəm” sözlərini əlavə edib.
Daniel Kreyq, 2021-ci ildə "No Time to Die" filmindən sonra agent seriyasından çəkiləcəyini elan etdikdən sonra onun əvəzlənməsi ilə bağlı fərziyyələr intensivləşib. Tom Hardi, Netflix serialı "Bridgerton"un ulduzu Req-Jan Pag və İdris Elbanın Kreyqin yerinə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılsa da, rolun Taylor-Consona artıq təklif edildiyi iddia olundu.
"The Sun"un məlumatına görə, "Eon Productions" bu ilin sonunda 26-cı Bond filminin çəkilişlərinə başlamağa ümid edir.