"Türkiyə-Azərbaycan əlaqələrinin sarsılmaz olduğu bütün dünyaya göstərildi" - Abdullah Buksur

18:30 12.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusu, təxminən 30 ildir Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etdi. Qardaş Türkiyə dövlətinin də ciddi mənəvi dəstəyi ilə tarixi torpaqlarımızı geri qaytaran müzəffər ordumuz dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirərək öz gücünü dünyaya nümayiş etdirdi.

Həm də yalnız özünün deyil, məhz Azərbaycan-Türkiyə qardaşlığının gücünü. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Zəfər paradında iştirakı da isbatlayır. Dünyaya örnək olacaq bu qardaşlıq və həmrəylikdən söz açan Türkiyə İnsan Haqları Avrasiya Fondunun rəhbəri Abdullah Buksur da Türkiyə-Azərbaycan qardaşlığına ən çox sevinənlərdən və qürur duyanlardandır.

“Türkiyə-Azərbaycan əlaqələrinin sarsılmaz olduğu bütün dünyaya göstərildi. Hələ 28 may 1918-ci ildə Türkiyədən Azərbaycan Demokratik Cümhuriyyətini quran Məmməd Əmin Rəsulzadəyə Azərbaycan türkçəsi ilə göndərilən tarixi mesajda da birlik və qardaşlığa yer verilmişdi” deyən müsahibimiz Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” şüarının bu gün də davam etdiyini bildirib.

Razılaşaq ki, qələbəmizdən və qardaşlığımızdan sevinməyənlər də az deyil. Məsələn, Zəfər paradından bir gün əvvəl Rusiya Azərbaycandan pomidor və alma idxalını yasaqladı. Səbəb kimi, guya meyvə-tərəvəzin sağlamlıq normalarına cavab vermədiyi göstərilsə də, siyasi müşahidəçilər birmənalı şəkildə bu qərarı sırf siyasi məna kəsb etdiyini deyirlər. Doğrudan da, pomidor ixracı Azərbaycana qeyri-neft sektorunda ən yüksək gəlir gətirən mənbədir – ildə 300 milyon dollar civarında…

A.Buksurun sözlərinə görə, bütün dünya bilir ki, Rusiya əlindəki enerji ehtiyyatlarını əvvəllər strateji silah olaraq istifadə etmək istəyib, amma sonradan bunun mümkünsüz olduğunu başa düşüb. “Bundan sonra enerji xətləri məsələsində Ankara ilə razılaşdı və Avropaya uzanan qaz kəmərlərini Qara dəniz sularının altından keçməklə Türkiyə ərazisinə çəkdi. İndi isə satış məsələsi var və hazırda bu müstəvidə siyasətini yürüdür. Ancaq bu bölgədə bənzər məhsulları alacaq ölkələr azdır. Bu cür cəhdlər mesaj vermək mənasına gələ bilər, amma nəticəsiz qalacağı indidən bəllidir. Türkiyə - Rusiya əlaqələri pozulma müstəvisinə qalxdığı vaxtlar da, Rusiya Türkiyədən aldığı məhsullara eyni cür əngəl yaradır. TIR-larımız içindəki mallarla birlikdə günlərlə Rusiya gömrüyü qarşısında tıxaclarda gözlədilir. Ardıyla yeni qiymət, yeni alış şərtləri müəyyənləşdirilir, ticarət davam edir. Amma iqtisadi baxımdan Ermənistan, Azərbaycan və Türkiyənin öz aralarında quracağı əlaqələr bütün bunlara təsir göstərmək gücündədir. Rusiya bu vəziyyətdə necə davranacaq, bunu irəlidə görəcəyik”, - o, deyib.     

Heç kimə sirr deyil ki, xeyli vaxtdır Türkiyə ordusunun Azərbaycanda hərbi baza qurması məsələsi gündəmdədir. Ruslar sülhməramlı adıyla çox sürətlə yerləşdilər Qarabağ bölgəsində, amma türk əsgərinin gəlişi hələ də yubanır. Rusiyanın Azərbaycana bir az soyuq münasibət bəsləməsinin səbəbi məhz Türkiyə ilə hərbi əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsi ola bilərmi?

Sualı cavablayan cənab Buksur deyir ki, Azərbaycan və Ermənistan Rusiyanın qurduğu masada oturub, Türkiyə isə Rusiya ilə ayrıca görüş prosesi yaşayıb. Bu səbəblə də, Türkiyə keçirilən görüşlərin nəticələrinə tam sadiq qalacaq. Onun sözlərinə görə, prosesin bu gün hardasa heç danışılmayan, Minsk Qurupu tərəfi var. ABŞ, Rusiya və Fransanın yer aldığı bu qurupla əlaqədar Rusiyanın prosesi necə idarə etməsinə baxmaq lazımdır. Fransa və ABŞ-da təsiredici gücə malik olan erməni lobbisi bu gün fəaliyyətini hansı istiqamətdə yürüdür və bu Rusiyaya necə təsir göstərəcək? Məncə indiki məqamda bu suallara cavab aramaq lazımdır.    

Bu günlər İranın XİN başçısı Cavad Zərifin Ərdoğanın paradda çıxış edərkən mərhum şair Bəxtiyar Vahabzadənin şeirindən oxuduğu sitatdan narahatlığı müzakirə mövzusudur. Amma çox təəssüf ki, 44 günlük müharibənin ilk yarısında Cavad Zərif erməniləri işğalçılıq siyasətinə son qoymağa dair bircə dəfə açıq-aşkar və birbaşa işğalçının adını çəkməklə fikir bildirmədi. Yalnız müharibə yekunlaşana yaxın, qələbənin Azərbaycanın tərəfində olduğu aşkar hiss edildikdən sonra İranda müxtəlif səviyyələrdə Ermənistana torpaqlardan çıxmağa dair çağırışlar edildi. Bəs nə oldu ki, Ərdoğanın şeirdən bircə bənd oxuması onların anındaca dilini açdı, axı bu şeir onillərlə öncə yazılıb, hətta ona mahnılar da qoşulub, bəyəm İranda bunu bilmirdilərmi?

A.Buksur deir ki, ölkələr özlərini gördükləri yerə görə digər ölkələri qəbul edər. Sualın cavabı buradadır: İran Azərbaycanı necə qəbul edir və Türkiyə Azərbaycan birliyindən nə başa düşür... O, Bəxtiyar Vahabzadənin şeirində dediyi “Hər zərrədədir Allah” fikrini xatırladaraq əlavə edir ki, İranın Dağlıq Qarabağ problemi yarandığı gündən bəri hər zaman Ermənistanın yanında yer aldığını unutmamaq lazımdır. Müsahibimiz qeyd edir ki, İran açıq-aşkar Ermənistana bütün sahələrdə dəstək veririb. Amma buna rəğmən Ermənistanın Azərbaycana məğlub olması və Türkiyə - Azərbaycan birliyi, İran tərəfindən təhlükə olaraq görülməkdədir.

Naxçıvanla haqqında çox danışılan dəhlizin yaradılması, Türkiyənin birbaşa Azərbaycana yol tapması və oradan da Orta Asiyaya açılması, NATO-nun və ABŞ-ın Qafqaza, oradan da Orta Asiyaya, yaxın yolla Əfqanıstana gəlməsi kimi dəyərləndirilə bilərmi?

A.Buksura görə, heç şübhəsiz ki, Naxçıvan Azərbaycan torpaqlarının bir parçasıdır. Digər yandan, bu bölgənin Türkiyəyə birbaşa sərhədi mövcuddur. Ancaq məsələ bununla bitmir, Naxçıvan, Türkiyənin də təminatçısı olduğu bir bölgədir. Yəni Türkiyə sərhədlərin toxunulmazlığı başda olmaqla, bölgənin təhlükəsizliyi və rifahı üçün çox önəmlidir.   

Müsahibimiz sonda bildirir ki, Türkiyə-Azərbaycan əlaqələri, Türk Şurasına üzv olan ölkələrimizin böyük ailəsinə qovuşduğu zaman sülh və sabitlik, rifah toplumu inşa edəcəyini göstərib. Bu birlik enerji təhlükəsizliyi və müasir texnologiya məsələlərində örnək alınacaq səviyyədədir.