İran da hazırda dialoqa və qarşılıqlı anlayışa üstünlük verir - Rəy

15:39 10.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İranla Azərbaycan arasında ticari və iqtisadi əlaqələr mövcuddur. Ümumilikdə İran Azərbaycan üçün əhəmiyyətli qonşu dövlətdir. Bizim həm ortaq sərhədimiz var, həm tarixi keçmişimiz, həm də müxtəlif sahələr üzrə əməkdaşlığımız mövcuddur. Bundan əlavə, İranda 50 milyondan artıq azərbaycanlı soydaşımız yaşayır. Bütün bunlara görə İran Azərbaycan üçün strateji əhəmiyyət daşıyan dövlətdir”.

Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib.

Ekspert əlavə edib ki, mövcud olan müəyyən gərgin və həssas məsələlər də var və bunlar açıq şəkildə məlumdur:

“ABŞ-nin İrana qarşı mümkün hərbi müdaxiləsi ilə bağlı səsləndirilən təhdidlər regionda ciddi narahatlıq yaradır. Belə bir vəziyyətdə Azərbaycan balanslı və məsuliyyətli mövqe tutur. Mümkündür ki, İran müəyyən məsələlər üzrə Azərbaycanla birbaşa münasibətlər çərçivəsində müzakirələr aparmaq və ya bəzi mövzularda anlaşma əldə etmək istəsin. Hətta bəzi hallarda İranın Azərbaycan vasitəçiliyinə ehtiyac duyması da mümkündür və bu, regional diplomatiya baxımından normal bir yanaşmadır. Digər tərəfdən, İranın qonşu ölkələrə ünvanlanan bəyanatları da məlumdur. İran rəsmiləri dəfələrlə bildiriblər ki, əgər hansısa hücum qonşu ölkənin ərazisindən həyata keçirilərsə, buna cavab veriləcək. Son dövrlərdə bu açıqlamalar bir qədər sərt səslənsə də, mən hesab edirəm ki, qarşıdurmadan daha çox əməkdaşlıq yolu seçilməlidir.

Əslində, təhdid dili ilkin mərhələdə üstünlük təşkil etsə də, sonradan aydın olur ki, düzgün yanaşma qonşularla əməkdaşlıq etmək, birgə təhlükəsizlik mühiti formalaşdırmaqdır. Qonşuların bir-birini müdafiə etməsi və dialoq yolu ilə problemləri həll etməsi region üçün daha faydalıdır. Bu baxımdan görünür ki, İran da hazırda dialoqa və qarşılıqlı anlayışa üstünlük verir, regionda yeni müharibənin baş verməməsi üçün birlik və ortaq mövqe formalaşdırmağa çalışır. Çünki hər hansı yeni münaqişə region üçün ciddi təhlükələr yarada bilər. İranın əsas məqsədi məhz müharibənin qarşısını almaq, ABŞ ilə birbaşa hərbi toqquşmadan yayınmaq və regional sabitliyi qorumaqdır”.

Tahirə Qafarlı