Dünən İtaliyanın ölkəmizdəki səfirliyi tərəfindən italiyalı böyük fotoqrafiya ustalarının yaradıcılığını özündə cəmləyən "ITALIAE" adlı fotosərginin açılış mərasimi olub.

Hafta.az-ın yazdığına görə, diplomatik korpusun və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş açılış mərasimində çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri sərginin məqsədindən danışıb, qonaqların diqqətini italiyalı fotoqrafların fərqli və zəngin yaradıcılığına yönəldib.

Diplomat bildirib ki, sərgi üç əsas bölmədən ibarətdir. "Mənzərələr", "Əsərlər" və "Üzlər" adlı bölmələrin hər birində başlığa uyğun məzmunda fotoəsərlər sərgilənir. Cənab Taffuri qısa çıxışının sonunda qonaqları ən yaxşı italiyalı fotoqrafların əsərlərindən zövq almağa çağırıb.

Qeyd edək ki, üç hissədən ibarət sərginin hər bir bölümü çoxşaxəli mövzularda, davamlı təkamüldə olan ölkənin mutasiyalarını əks etdirən coğrafi, tarixi və bədii yol təşkil edir. Şimal və Cənub, şəhər və kənd, iş və istirahət, ənənə və yenilik, sosial tarix və mədəni həyat burada sərgilənən əsərlərdə təzahür edir.

Buradakı fotoəsərlər coğrafi müxtəlifliyi qavramağa, tarixin dərinliklərini aşmağa, ərazinin qırışlarına nüfuz etməyə qadir bir dillə ölkənin transformasiyalarını işləmək üçün vasitə sayıla bilər. Sərgi çoxsaylı "İtaliyaları" bir İtaliyaya çevirən, mürəkkəb və qarmaqarışıq əsrlər boyunca münaqişə və çirklənmələrə borclu olan mədəni sərhədlərlə dəyişməsindən bəhs edən, müxtəlif baxışlarla çəkilmiş şəkillər vasitəsilə formaları hekayələr və xarakterlərlə zəngin bir ölkənin həyati fonunu əks etdirən axıcı və rəngarəng hekayə kimi birləşən əsaslandırılmış seçimdir.

Ayrı-ayrı bölmələrdə sərgilənən fotolarda da böyük fəlsəfə tapmaq olar. Məsələn, "Üzlər" bölməsinə daxil olan insan burada fiqur və portretlərdə, "həyat əsəri" və sevgi salnamələrində İtaliya və italiyalıların obrazlarını görmüş olur. Mənzərələr bölümündəki fotoəsərlərdə isə İtaliyanın möhtəşəm təbii mənzərələrinin insanla vəhdəti birləşir.