Avqustun 28-də daxili işlər nazirinin müavinləri Arpine Sarkisyan və Aram Hovannisyan ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinnlə birlikdə Su Patrullarının genişləndirilmiş təlim kurslarında iştirak etmək üçün Göyçə gölünə səfər ediblər.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
ABŞ-dən olan təlimatçı Ken Het göldə şübhəli şəxslərlə işləmək, xilasetmə tədbirlərinin görülməsi, ilkin tibbi yardımın göstərilməsi, həmçinin qayıqla üzmənin texniki bacarıqlarının təkmilləşdirilməsi üzrə su patrulunun təlim kurslarının təfərrüatlarını təqdim edib.
İştirakçılar Göyçə gölündə su patrullarının çətin ssenarilərdə hərəkətlərini və nümayiş etdirdikləri fəndləri izləyiblər.
Ssenariyə əsasən, əməliyyat-axtarış tədbirləri nəticəsində patrul əməkdaşları xəsarət almış vətəndaşı aşkar ediblər. Onlar ilkin tibbi yardım və xilasetmə əməliyyatları üzrə praktiki bacarıqlar nümayiş etdiriblər.
Təlim kursları ABŞ səfirliyinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizə Orqanları ilə Əməkdaşlıq Departamenti tərəfindən keçirilib.