Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 1 milyon 347 min 534 uşaqlı ev təsərrüfatı var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayıb. Biruşaqlı ev təsərrüfatılarının sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayıb. İkiuşaqlı ev təsərrüfatlarının sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür. Üçuşaqlı ev təsərrüfatlara gəlincə, bu kateqoiyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayıb.
Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ev təsərrüfatı var. Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ev təsərrüfatı beşuşaqlıdır.
Altı uşaqlı ev təsərrüfatlarına gəlincə, 9332 təsərrüfat bu kateqoriyadadır. Onların 4338-i şəhər yerlərində, 4994-ü isə kənd yerlərində yaşayıb. Həmçinin ölkədə 6837 ev təsərrüfatı yeddi və daha çox uşaqlı ev təsərrüfatları arasında yer alır. Onların 2831-i şəhər yerlərində, 4006-sı isə kənd yerlərində yaşayıb.
Qeyd edək ki, son illər Azərbaycan ailələrində uşaq sayının azalması ciddi müzakirə mövzusudur. Mütəxəssislər mövcud vəziyyəti müxtəlif səbəblərlə izah edirlər. Bəziləri qeyd edirlər ki, cəmiyyətdə sosial-iqtisadi vəziyyət zəiflədikcə ailələrdə uşaqların sayı azalır. Bəzi ekspertlər isə bu qənaətdədirlər ki, ölkəmizdə bir çox ailələr Avropa quruluşunu seçərək 1-2 uşağa üstünlük verməyə çalışır.
Yeri gəlmişkən, amerikalı psixoloq Suzan Nyuman xoşbəxtlik üçün optimal uşaq sayını açıqlayıb. Psixoloq deyib ki, ailədə ikinci uşağın dünyaya gəlməsi valideynlərin, xüsusən də anaların karyerasına, ailənin maddi vəziyyətinə, qohumlar və dayələrdən lazım olan dəstəyin miqdarına kəskin şəkildə təsir edir.
Onun fikrincə, ikinci uşağın olması ananın psixi sağlamlığına acınacaqlı təsir göstərir. Belə ki, Nyumanın istinad etdiyi Pensilvaniya Universitetinin sosiologiya və demoqrafiya professoru Hans-Peter Kohler sorğu zamanı müəyyən edib ki, əgər ailə firavanlığa nail olmaq istəyirsə, bir uşaqla kifayətlənməlidir. Onun qənaətincə, ikinci və ondan sonrakı övladlar valideynləri daha xoşbəxt etmir. Kohlerə görə, ikinci uşaq dünyaya gətirməyə qərar verən cütlüklər öz istək və imkanlarını nəzərə almırlar. Tədqiqatçının fikrincə, çoxları birincinin gətirdiyi xoşbəxtlikdən ötrü ikinci övladını ehtiyatsızlıqla planlaşdırır. “Adətən insanlar valideyn olduqdan sonra xoşbəxtlik dalğası yaşayırlar, lakin bu “əlavə” xoşbəxtlik bir neçə il ərzində yox olur”, – deyə o qeyd edib.
Bəs, görəsən, Azərbaycan ailələrində uşaq sayının azalmasına səbəb nədir? Bu istiqamətdə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac varmı? Ümumiyyətlə, ailələrin xoşbəxtliyi uşaq sayından nə dərəcədə asılıdır?
Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 2500-dən çox qadın çoxuşaqlı anadır. Son beş ildə çoxuşaqlı ailələrə verilən müavinətin məbləği 3.5 dəfə artırılaraq 105 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hazırda 12 minə yaxın uşaq üçün bu sosial müavinət alan qadınların sayı 2 min 600-dən çoxdur. Eyni zamanda, aztəminatlı ailələrdə 1 yaşadək hər uşağa görə 100 manat müavinət nəzərdə tutulub: “Bu müavinətin məbləğində son beş il ərzində 82 faiz artım olub”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu istiqamətdə dəstəkləyici mexanizmin təkmilləşdirilməsinə ehtiyac var: “Hazırda beş və ondan artıq uşaq olan ailələrə yeganə dəstək mexanizmi hər uşağa görə aylıq 105 manat müavinət və valideynlərin pensiya yaşının 5 il azaldılmasıdır. 105 manata görə kimsə ailədə uşaqların sayını artırmaq riskini öz üzərinə götürməz. Biz bu istiqamətdə referensial yanaşma əsasında uşaq sayına görə müavinətlərin ödənilməsini təklif edirik. Uşaq sayı artdıqca hər uşağa görə ödənilən müavinətin məbləğinin artması çoxuşaqlılığı təşviq etməyə hesablanmış və dünyada sınaqdan çıxmış mexanizmlərdən biridir”.
R.Həsənovun fikrincə, çoxuşaqlı ailəyə yanaşma dəyişməlidir və çoxuşaqlı ailə beş uşaqlı yox, üç uşaqlı ailə sayılmalıdır: “Ukraynada hələ 2008-ci ildən “çoxuşaqlı ailə” anlayışı üç uşaqlı ailəyə münasibətdə tətbiq edilir. Bu yanaşmanı tətbiq etməklə Azərbaycanda çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını artırmaq olar. Əslində uşaqların müdafiə proqramları yalnız demoqrafik deyil, eyni zamanda, sosial, insan kapitalının inkişafı və sağlam həyat aspektləri nəzərə alınmaqla işlənib hazırlanmalıdır”.
Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu deyib ki, əhali artımı dünyanın ən qlobal problemlərindəndir: “Əslində ailədə tək övladın olması arzuolunan deyil. Çünki ailədə uşaq yeganə olanda ən əsası ölkədə əhali artımı getdikcə azalır. Məlum olduğu kimi, hər insan evlənə və yaxud iki uşaq sahibi ola bilmir, bu da əhali artımına təsir göstərir. Eyni zamanda tək uşağın olmasının psixoloji tərəfləri olur. Belə ki, tək olanda, ailədə onun tay-tuşu uşaqlar deyil, ata-ana, nənə-baba olur. Bu zaman uşaq eqoist böyüyür. Beləliklə, ən arzuolunan hal odur ki, ailədə 3 uşaq olsun. BMT bununla bağlı bəyanatı var. Həmin bəyanatda bildirilir ki, heç bir dövlətə və yaxud ailəyə deyilə bilməz ki, uşaqların sayı neçə olsun. Lakin uşaqların sayı o qədər olsun ki, onlar keyfiyyətli böyüsün. Əslində bu doğru fikirdir. Bizə gərəkli deyil ki, ailədə 10 uşaq olsun və onlardan kimsə xəstə və yaxud savadsız olsun. Ondansa az olsun, amma keyfiyyətli olsun".
Ekspert uşaq sayının ailələrin xoşbəxtliyinə təsir etməsi fikri ilə də razılaşmır. Onun sözlərinə görə, ailədəki xoşbəxtliyi aydınlaşdırmaq üçün ilk öncə insan xoşbəxtliyinin nə olduğunun araşdırmaq lazımdır:
“Xoşbəxtliyin özü nədir? Alimlər 200 ildir ki, bu suala cavab tapmağa çalışırlar və hələ də dəqiq tərif yoxdur ki, xoşbəxtlik nə olan şeydir. Amerikalılar üçün yalnız özlərinə məxsus praqmatik dəyərlər var və ona uyğun həyatlarını görürlər. Həmin dəyərlərə mane olan amilləri isə onlar xoşbəxtliyə mane olan amillər adlandırırlar. Əgər Qərbin dedikləri doğru-dürüst olsaydı, onda Qərb, dünya bu gündə olmazdı. Mən, ümumiyyətlə, heç vaxt tərəfdarı deyiləm ki, Qərb ölkələrinin psixoloqlarının fikirlərini, hazırladıqları testləri avtomatik olaraq biz də qəbul edək. Çünki məlum Qərb psixologiyası, xristian dəyərləri var. Qərbin ailə, karyera, şəxsi həyatla bəğlı özünəməxsus fikirləri var. Və Qərb, Amerika belə fikirləşirsə, o demək deyil ki, onlar daha qabaqcıl, müasirdirlər. Biz çox hallarda təhlil edəndə görürük ki, onların dedikləri səhvdir. Bəs azərbaycanlılar üçün xoşbəxtlik nədir? Azərbaycanlı nə vaxt həyatda özünü məmnun hiss edir? Bunu aydınlaşdırmadan qərbli psixoloqların fikrini avtomatik qəbul edə bilmərik. Digər tərəfdən, hətta aydınlaşdırsaq ki, cəmiyyətimizi xoşbəxt edən nədir, həmin xoşbəxtliyin həqiqi və yaxud yalançı olmasını da araşdırmalıyıq. Beləliklə, məsələni daha dərin təhlil etməli, daha sonra isə bunu doğulan uşaqların sayı ilə əlaqələndirməliyik".
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov qeyd edib ki, Azərbaycanda ailələrdə uşaqların sayı bir qayda olaraq 2-dən az olmur: “Reallıqda görürük ki, əvvəlki illərlə müqayisədə ailələrdə uşaqların sayı azdır, amma ailədaxili konfliktlər, boşanmalar daha da artıb. Əlbəttə ki, ailədə 2 uşaq olanda ailədə tərəflərin bir-birinə münasibəti, psixologiyası tamamilə başqa, fərqli olur. Məsələn, ailə psixoloqları da qeyd edirlər ki, valideyn özünü əsl valideyn kimi daha çox ikinci uşaqda hiss edir. Çünki birinci uşaqda valideyn təcrübəsiz olur və adəti üzrə Azərbaycan ailəsinə xas olaraq, nənələr ilk uşağa dəstək olmaq üçün dövriyyəyə girirlər. Həm də bu köməyə dəstəyin mahiyyəti ondan ibarətdir ki, qarşı tərəf təcrübəsizdir, ilk dəfə ana olur və bu prosesi yürütmək üçün ona kömək edirlər. İkinci uşaqda isə artıq ana daha təcrübəli olur və bu prosesdə daha təcrübəli davranmağa başlayır.
Bu baxımdan, hesab edirəm ki, amerikalı psixoloqların bu araşdırmasının niyyəti başqadır. Heç kimə sirr deyil ki, son illərdə dünyada ailələrdə uşaqların sayı azalır, uşaqlarla bağlı müxtəlif narahatlıqlar var. Bəziləri bu istiqamətlə insanların sayının azalmasına çalışır. Vaxtilə Çində bu prosesi aparmışdılar. Bu ölkədə əhalinin sayı çoxdur, prosesin öhdəsindən gəlmək mümkün olmadığına görə də belə bir istiqamət ortaya qoydular və ailədə nəinki üç, hətta iki uşağın olması qadağandır. Bununla da demoqrafik vəziyyəti nəzarətə almağa çalışdılar.
Gəlin baxaq, əgər ailə bir uşaqla xoşbəxtdirsə, o ailənin uşaqdan gözləntisi hansı dərəcədə olacaq və o bir uşaqda ailənin gözləntisini doğrultmaq potensialı olacaqmı və olacaqsa, bu, hansı səviyyədə olacaq. Yəni bu məqamlar var. Hər kəsə məlumdur ki, ailədə 2-3 uşaq olduqda həmin uşaqların hər birinin potensialı fərqli olur. Bu baxımdan, hesab edirəm ki, ailədə azı 2 uşaq olmalıdır. Bəs belə olduqda ailə sosial qayğılarını, problemlərini daşıya biləcəkmi? Bu artıq başqa məqamlardır. Ona qalsa, dədə-babadan eşitmişik ki, hər bir uşaq özü ilə birgə öz ruzisini də gətirir. Ona görə də ikinci uşaqla ailə xoşbəxt olmur demək mübahisəli, hətta şübhəli məsələdir".