AŞPA-nı həqiqi dialoq və əməkdaşlıq platforması adlandırmaq çətindir - Sahibə Qafarova

12:25 01.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Demokratik dəyərləri dəstəklədiyini bəyan edən Avropa Şurasının Parlament Assambleyası məhdud siyasi maraqlarını təmin etməyə çalışan qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir. Parlament Assambleyasının və bütövlükdə Avropa Şurasının nüfuzuna zərbə vuran son hadisə onu da göstərdi ki, indiki dövrdə bu təşkilatı onun bütün üzvlərinin rəyinə hörmət mühitinin hökm sürdüyü həqiqi dialoq və əməkdaşlıq platforması adlandırmaq çətindir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova bildirib.
Spiker bütün bunları nəzərə alaraq bəyan edib ki, demokratiyaya, insan hüquqlarının qorunmasına və qanunun aliliyinə əsaslanan cəmiyyət quruculuğu Azərbaycan xalqının şüurlu seçimidir və dövlətimizin milli maraqlarına əsaslanır.

“Ölkədə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin qanunvericilik səviyyəsində dəstəklənməsinə yönəlmişdir”.