“Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyirik”

09:13 19.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Krım tatar xalqının milli lideri və Ukrayna Parlamentinin üzvü Mustafa Əbdülcəmil Kırımoğlu QHA-ya müsahibəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyası (QDİƏT PA) çərçivəsində əlaqələri, Azərbaycanın Ukraynaya dəstəyi və Bakıda Krım tatar mədəniyyət mərkəzinin açılması planlarını müzakirə edib. Kırımoğlu Ukrayna tərəfinin gördüyü işlərin bir hissəsi olaraq QDİƏT PA çərçivəsində görüşlər keçirdiklərini, baş katib Asəf Hacıyev və digər rəsmilərlə görüşdüklərini bildirib.

Hafta.az yazır ki, o, görüşdə cari işlərin, gələcək üçün planlaşdırılan layihələrin və əməkdaşlıq sahələrinin müzakirə olunduğunu qeyd edib.

Kırımoğlu həmçinin Krım Tatar Milli Assambleyasının (KTMM) Azərbaycana mümkün səfərinin də müzakirə olunduğunu qeyd edib, amma səfərin tarixinin hələ dəqiqləşdirilmədiyini əlavə edib. Kırımoğlu, Bakıda Krım Tatar Mədəniyyət Mərkəzinin açılmasının planlaşdırıldığını bildirib. Əlavə edib ki, mərkəzin Krım tatar türkoloqu Bəkir Çobanzadənin adını daşıması nəzərdə tutulur. Kırımoğlu həmçinin görüşlərdə Ukraynanın mövcud şəraitdə Azərbaycandan nə dərəcədə dəstək ala biləcəyinin müzakirə olunduğunu qeyd edib. Əvvəlki dəstəyə görə minnətdarlığını bildirən Kırımoğlu, Ukrayna ilə bağlı məsələlərin beynəlxalq platformalarda qaldırıldığı zaman Azərbaycanın mövqeyinin vacibliyini vurğulayıb. O, Qarabağın Azərbaycanın nəzarəti altına keçməsindən sonra Bakının beynəlxalq səviyyədə daha sərbəst hərəkət edə biləcəyini və iki ölkə arasında həmrəyliyin qorunmasının vacibliyini qeyd edib.