Azərbaycanlı qadın Finlandiyada ÖLDÜRÜLDÜ

08:05 02.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın Espoo şəhərində 30 yaşlı azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Hafta.az xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay "Facebook" hesabında yazıb. Adı açıqlanmayan qadının iki uşaq anası olduğu bildirilir.

A.Oqtay bildirib ki, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib:

"Hadisə günü mərhumun bacısı Rusiyadan mənimlə əlaqə yaradaraq yardım istəyib. Biz də Finlandiya Azərbaycanlıları Assosiasiyası rəhbərləri olaraq üzərimizə düşən vəzifəmizi yerinə yetirdik, ilk işimiz İsveçdəki Azərbaycan səfiri ilə əlaqə yaradaraq, hadisə haqqında təlimat verdik. O, dərhal hadisəni nəzarətə götürüb. Bizimlə 29.08.2025 tarixindən etibarən mütəmadi olaraq əlaqədədir. Biz də həmin gündən bu günə qədər mərhumənin qohumlarının Espoo şəhər polisi, rus səfirliyi, işi aparan müstəntiq ilə əlaqə qurmaları üçün lazım olan şəraiti yaratmışıq. Mərhumənin qohumları bu işlə əlaqədar olan şəxslərlə artıq əlaqə qurublar. İndi isə mərhumənin qohumlarını Rusiyadakı Finlandiya səfirliyinə yönəltmişik ki, ekstra viza ala bilsinlər".