Bələdiyyələrin mövqeyi dayanıqlı olmalıdır

11:47 27.05.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının da xüsusi yeri və rolu vardır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilib. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilmiş, bununla yanaşı yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin səlahiyyət və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilib.

Nəticədə, respublikamızda bələdiyyə institutu tam olaraq formalaşıb, ölkənin şəhər, qəsəbə və kəndlərində vətəndaşlarımızın rifahı naminə sosial-iqtisadi inkişafın təmin olunmasında fəal iştirak edən yerli özünüidarəetmə sistemi bərqərar edilib. Ölkəmizdə bələdiyyə institutunun inkişaf etdirilməsi məqsədi ilə mühüm qanunvericilik bazası formalaşdırılıb, bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Belə ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Bələdiyyələrin nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" və digər əhəmiyyətli qanunlar qəbul olunub, Azərbaycan Respublikasının Torpaq, Su, Mülki, Seçki, Vergilər, İnzibati Xətalar məcəllələrinə bələdiyyələrlə bağlı müvafiq müddəalar daxil edilib. Qəbul olunmuş qanunlarda yerli özünüidarəetmənin çox mühüm məsələləri - yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial müdafiə, yerli iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin formalaşdırılması, ərazi və digər məsələlər öz əksini tapıb. Eyni zamanda, ölkəmiz yerli özünüidarəetmə ilə bağlı hüquqi münasibətləri tənzimləyən bir sıra beynəlxalq sənədlərə qoşulub, o cümlədən bələdiyyələr üçün başlıca beynəlxalq normativ hüquqi akt hesab edilən "Yerli özünüidarə haqqında" Avropa Xartiyası Azərbaycan Respublikasının 25 dekabr 2001-d il tarixli qanunu ilə təsdiq edilib. Ümumilikdə, bələdiyyələrin fəaliyyətini tənzimləyən 30-dan çox qanun, 500-dən çox normativ hüquqi akt qəbul edilib, bir çox qanunlara əlavə və dəyişikliklər olunub.

Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə yerli özünüidarəetmə orqanlarına dövlət dəstəyi gücləndirilib, bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi, yerli büdcə kəsirinin örtülməsi məqsədi ilə hər il dövlət büdcəsindən bələdiyyələrə dotasiyalar ayrılıb.

Özünüidarəetmənin institusional inkişafına, bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsinə, yerli əhəmiyyətli sosial məsələlərin həllinin sürətləndirilməsinə xüsusi önəm verilərək bələdiyyələrin işi vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində rolunun artırılması istiqamətləri üzrə qurulmuş, bu

sahədə geniş və əhatəli proqramlar hazırlanmış, bələdiyyələrin qabaqcıl təcrübəsi öyrənilərək yayılmış, yerli özünüidarəetmə orqanları ilə dövlət, qeyri-hökumət və donor təşkilatlan arasında əlaqələr qurulmuş, maarifləndirmə işləri aparılmışdır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev deyib ki,  ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu gedirsə, cəmiyyət durmadan inkişaf etdirilirsə, onda bu cəmiyyətdə bələdiyyələrin yeri və mövqeyi möhkəm olmalıdır: “Azərbaycan demokratik sivil ölkədir və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı diqqət mərkəzində saxlanılır. Əgər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu gedirsə, cəmiyyət durmadan inkişaf etdirilirsə, onda bu cəmiyyətdə bələdiyyələrin yeri və mövqeyi möhkəm olmalıdır. Çünki bələdiyyələr də demokratik inkişafın və vətəndaş cəmiyyəti quruculuğunun bir nümunəsidir. Yerli özünüidarəetmə orqanları yarandığı gündən insanlarla birgə fəaliyyətdədirlər. Əlbəttə ki, bu sahədə mənfi amillər də mövcuddur. Amma həmin amillər zamanla aradan qaldırılır və bələdiyyələrin seçicilərlə qarşılıqlı əməkdaşlığı nəticəsində müəyyən irəliləyişlər əldə olunub. Sözsüz ki, vətəndaş cəmiyyəti olaraq bələdiyyələrin vətəndaşlarla sıx təmasda işləməsi həm onların fəaliyyətinin genişləndirilməsi, onlara yüksək etimadın göstərilməsi, eləcə də ölkənin sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. Bir çox bələdiyyələr var ki, onlar öz fəaliyyətlərini qanunvericiliyin tələbləri əsasında qura biliblər. Lakin zaman bələdiyyələrin müəyyən qaydada formalaşmasını tələb edir. Bu gün insanların artan tələb və ehtiyacları yerli özünüidarəetmə orqanlarını daha səmərəli işləməyə vadar edir. Təbii ki, bu istiqamətdə müəyyən ıslahatlara gedilməsi, görülən işlərin təkmilləşdirilməsi əhəmiyyətlidir. Bələdiyyələrdə iki dəfə islahatların aparılması, onların sayının azaldılması və birləşdirilməsi özünün müsbət nəticələrini verib. Cəmiyyət də bu prosesləri yaxşı qarşılayır. Çünki onların bələdiyyələrdən umacağı var. Bir çox sosial-iqtisadi, yerli əhəmiyyətli məsələlər var ki, bilavasitə həmin məsələləri bələdiyyələr həll etməlidirlər. Bu məsələlərin həlli insanların rahatlığı üçün çox vacibdir. Ona görə də zaman keçdikcə hökümət tərəfindən bələdiyyələrin inkişafına doğru müəyyən addımlar atılır. Dövlət yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsinə daim diqqət yetirir. Bələdiyyə üzvlərinin fəallığının artırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Gələcəkdə qanunla bələdiyyələrin sayının bir daha azaldılması nəzərdə tutulur ki, bu da daha iri bələdiyyələrin formalaşdırılmasına şərait yaradacaq. Belə ki, qanunla əhali sayı 3000 nəfərdən az olan bələdiyyələr birləşdiriləcək. Bu olduqca əhəmiyyətli islahatdır. İri bələdiyyələr daha yaxşı işlər görməyə malik ola bilərlər. Bu da istər əlaqələrin yaxşılaşdırılması, istər müəyyən təşkilatçılıq işlərinin səmərəli yerinə yetirilməsi üçün önəmli ola bilər”.

Millət vəkili vurğulayıb ki, bu gün vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolunu qiymətləndirərkən fərqli fikirlər də meydana çıxır: “Bir çox insanlar bələdiyyələrin fəaliyyətini tamamilə inkar edirlər. Bəziləri bununla bağlı nümunələr gətirirlər. Ancaq mən deyərdim ki, bu inkişafda bələdiyyələrin də rolu var. Əgər vətəndaşlar bələdiyyələrə müraciət edirlərsə, onları yeni layihələr həyata keçirməyə həvəsləndirirlərsə, deməli, bələdiyyələr müəyyən mənada ictimai həyatda özlərini göstərib və göstərməkdədirlər. Bizim hər birimiz seçiciyik və cəmiyyət olaraq bələdiyyələrə müəyyən qaydada dəstək verməliyik. Çox təəssüflər olsun ki, bu gün vətəndaş-bələdiyyə münasibətlərində müəyyən problemlər yaşanır. Əgər bu gün vətəndaşlar bələdiyyələrdən müəyyən hesabatlar tələb edirlərsə, onların maliyyə vəsaitləri ilə maraqlanırlarsa, gördükləri işə nəzər salırlarsa, onlar da bələdiyyələrin iclaslarında fəal iştirak etməlidirlər. Təklifləri, fikirləri ilə bilavasitə yerli özünüidaetmə orqanlarına kömək olmalıdırlar. Etiraf edək ki, bəzən seçici özünün formalaşdırdığı orqanın fəaliyyətinə laqeyd yanaşır. Təbii ki, qarşılıqlı əlaqələrin olmaması müəyyən problemlər yaradır. Görülən işlər, qarşıda duran vəzifələr, həyəta keçirilən layihələr, qəbul edilən qərarlar bələdiyyələrin gələcəyinə ümidlə baxmağa inam yaradır. Sözsüz ki, yerli özünüidarəetmə orqanları bu sahədə özlərinin fəaliyyətini daim artırmağı qarşıya əsas məqsəd kimi qoymalıdırlar”.