Qazaxıstan Daxili İşlər Nazirliyi Ukraynanın Milli Polisi ilə birgə Ukrayna ərazisində fəaliyyət göstərən və dələduzluqla məşğul olan çağrı mərkəzlərini idarə edən transmilli mütəşəkkil cinayətkar qrupu zərərsizləşdirib.
Hafta.az xəbər verir ki, Dnepr şəhərində Qazaxıstan, Ukrayna və Avropa İttifaqı ölkələrinin vətəndaşlarına qarşı internet dələduzluğu ilə məşğul olan üç çağrı mərkəzinin fəaliyyəti dayandırılıb.
Cinayətkar qrup saxta investisiya şirkətlərinin əməkdaşları kimi fəaliyyət göstərərək zərərçəkənlərin məxfi məlumatlarına və bank hesablarına çıxış əldə edib, pul vəsaitlərini və rəqəmsal aktivləri mənimsəyib. Həmçinin “romantik sxemlər” və kriptovalyutaya investisiya adı altında dələduzluq halları da müəyyən edilib.
Dnepr şəhərində 40 ünvanda axtarışlar aparılıb, Ukraynanın 53 vətəndaşı saxlanılıb, onlardan səkkiz əsas fiqurant barəsində ittiham irəli sürülərək istintaq təcridxanasına yerləşdirilib. 100 min ABŞ dolları, 90 ədəd kompüter texnikası, 125 smartfon və 6 ədəd bahalı avtomobil götürülüb.
İstintaq hərəkətləri davam etdirilir./“Polisia.kz”/