Ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Bu vaxtadək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Onlara beynəlxalq idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri də aid etmək olar. Bunları nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız bunların hamısına layiqincə ev sahibliyi edib. Bu il isə Azərbaycan ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (“COP29”) ev sahibliyi edəcək.
Mövzu ilə bağlı Milli Məclisin komitə sədri Tahir Rzayev bizimlə söhbətində deyib ki, “COP29”un Azərbaycanda keçirilməsi onun beynəlxalq tədbirlərə önəm verməsinin və ölkəmizə göstərilən etimadın göstəricisidir: “Bu gün dünya ölkələri iqlim dəyişikliyindən ciddi ziyan çəkir. İqlim dəyişikliyi dövlətlərin iqtisadiyyatına və insanların səhhətinə öz mənfi təsirini göstərir. Çərçivə konvensiyasının keçirilməsi də məhz bu məqsədə xidmət edir. “COP29”un Azərbaycanda keçirilməsi onun beynəlxalq tədbirlərə önəm verməsinin və ölkəmizə göstərilən etimadın göstəricisidir. Əlbəttə ki, iqlim dəyişiklikləri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, vəsaitlərin cəlb olunması çox vacibdir. Azərbaycanın da bu sahədə böyük təcrübəsi var. Biz Qoşulmama Hərəkatını nümunə olaraq göstərə bilərik. Pandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çox mühüm tədbirlər həyata keçirdi və dünyada pandemiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsinə oldu”.
Deputat vurğulayıb ki, iqlim dəyişiklikləri ilə mübarizə bu gün dünyanın qarşısında duran vacib problemlərdən biridir: “Əlbəttə ki, bir çox dövlət nümayəndələrinin qeyd etdiyi kimi, bunun üçün maliyyələşdirilmə problemlərinin həll edilməsi önəmlidir. Sözsüz ki, bu, konvensiyanın Bakıda keçirilməsi və Azərbaycanın bu məsələdə bilavasitə təşəbbüskar olması gələcək üçün imkan açır və iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsinə təkan verəcək. 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək bu 29-cu sessiya Azərbaycanın həyatında mühüm bir hadisə olacaq və dövlətimizin beynəlxalq nüfuzunun artırılmasında önəmli yer tutacaq”.
Məsələ ilə bağlı AMEA-nın müxbir üzvü Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev də deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir: “Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Bu maraq, hörmət, etimad 2023-cü ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası çərçivəsində ilk dəfə öz pavilyonu ilə çıxış edən Azərbaycana göstərilən diqqətlə də özünü büruzə verdi. Mən həmin tədbirdə iştirak etmişdim və Azərbaycan pavilyonuna böyük marağın şahidi olmuşdum. İndi biz bu tədbirə ciddi şəkildə hazırlaşırıq. Bu tədbir Azərbaycana imkan yaradacaq ki, 30 illik işğal dövründə ermənilər tərəfindən törədilmiş ekoloji terroru dünya ictimaiyyətinə yaxından çatdıra bilsin. Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür”.
İ.Mustafayev həmçinin qeyd edib ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Eyni zamanda, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir”.
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: “Bu baxımdan “COP29”un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırki dövrdə çox ciddi imtahanlarla üz-üzədir. Dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər də əməl etmirlər. Bu anlamda “COP29”a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir”.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni “COP29”un Azərbaycanda keçirilməsi ölkənin həm siyasi, həm də iqtisadi həyatında önəmli bir hadisə olacaq. Ölkəmizdə təmiz ətraf mühitin formalaşması istiqamətində mühüm işlər görülür. “COP29” Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə də töhfə verəcək.
Bu sözləri isə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli söyləyib.
O xatırladıb ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və yaşıl artım ayrıca yer alıb. Ölkədə alternativ və bərpa olunan enerjinin istehsal edilən ümumi enerjidə payının 40 faizə qədər artırılması nəzərdə tutulub. Hazırda bizim həm işğaldan azad olunmuş bölgələrimizdə, həm də Naxçıvanda böyük yaşıl enerji zonalarının salınması planlaşdırılır. Bu baxımdan, əlbəttə ki, “COP29”un ölkəmizin yaşıl enerji siyasətinə verdiyi töhfələr çox önəmli olacaq.
“Azərbaycan yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. “COP29” ölkəmizin potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır”, – deyə E.Kərimli söyləyib.
Ekspert qeyd edib ki, bərpa olunan enerjinin quruda iqtisadi potensialı 27 qiqavat təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 qiqavat, Günəş enerjisi üzrə 23 qiqavat, bioenerji, geotermal və kiçik çayların birgə potensialı 1 qiqavat həcmində qiymətləndirilir: “Sadalanan layihələrin icrasına həm xarici investisiyaların, həm də yeni texnologiyaların cəlb edilməsi baxımından “COP29” çox əhəmiyyətlidir. Bu hadisənin yeni iş yerlərinin açılmasına, işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər”lərin qurulmasına mühüm təsiri olacaq. Bu baxımdan düşünürəm ki, “COP29” həm də ölkəmizin investisiya mühitinin daha yaxşı təqdim edilməsi, xarici investorlar üçün cəlbedici və açıq olması ilə tanışlıq imkanları yaradacaq. Sözsüz ki, bu da ölkəmizə yatırılan investisiyaların həcminə əhəmiyyətli təsir edəcək”.
“Azərbaycan 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının 40 faizə qədər azaldılmasını hədəfləyib. Bu məqsədə nail olmaq baxımından “COP29”un təsirləri daha böyük olacaq. Bütün bunlar isə ölkə iqtisadiyyatının daha səmərəli inkişaf etməsi ilə nəticələnəcək. “COP29”un Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyini, həmçinin beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcək”, – deyə Eyyub Kərimli fikrini tamamlayıb.