BMT-nin mindən çox humanitar işçisi həlak olub

11:22 09.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci il ərzində 21 ölkədə xidməti vəzifələrini yerinə yetirərkən azı 326 humanitar işçi həlak olub və bu da üç il ərzində həlak olanların ümumi sayının 1010 nəfərdən çox olduğunu göstərir. Beynəlxalq Qırmızı Xaç Komitəsi çərşənbə günü BMT Təhlükəsizlik Şurasına xəbərdarlıq edərək bildirib ki, “müharibələr insanlığın itirilməsinə səbəb olur”.

Hafta.az xəbər verir ki, BMT-nin yardım koordinasiya agentliyi OCHA-nın rəhbəri Tom Fletçerin sözlərinə görə, bu faciələrin 560-dan çoxu Qəzzada və İordan çayının qərb sahilində, 130-u Sudanda, 60-ı Cənubi Sudanda, 25-i Ukraynada və 25-i Konqo Demokratik Respublikasında qeydə alınıb. O, Nyu-Yorkdakı daimi nümayəndələrin qarşısındakı çıxışında bildirib:

“Bu, təsadüfi eskalasiya deyil. Bu, müdafiə sisteminin çökməsidir”.

Fletçer humanitar işçilərin xidmət zamanı - qida, su, sığınacaq və dərman paylayarkən, bəzilərinin isə aydın şəkildə işarələnmiş karvanlarda həlak olduqlarını bildirib:

“Humanitar işçilərin qətlə yetirilməsi fəaliyyətimizi məhdudlaşdırır, onların humanitar yardım missiyası yerinə yetirilmir. Bizi təqib edirlər və ya həbs edirlər. Bizə yalan danışırlar və bu yalanların nəticələri göz qabağındadır”.

BMT-nin yardım rəhbəri qeyd edib ki, Təhlükəsizlik Şurasının son qətnaməsinə baxmayaraq, humanitar yardım işçilərinə qarşı zorakılığa son qoymaq barədə çağırışlar qulaqardına vurulur.

Fletçer həyatları xilas edən fəaliyyətlərin maliyyələşdirilməsinin azalması ilə yanaşı, bu tendensiyaların “qanunsuz, davakar, eqoist və zorakı dünyanın” simptomu olduğunu bildirib.

BMT-nin təhlükəsizlik üzrə nümayəndəsi Gill Mikodun sözlərinə görə, təşkilat son bir ildə 14 adam oğurluğu, 145 həbs və saxlanılma, eləcə də işçilərə qarşı 441 hədə-qorxu və təqib aktı barədə məlumat verib. Eyni dövrdə Birləşmiş Millətlər Təşkilatının binalarına 62, nəqliyyat vasitələrinə isə 84 hücum baş verib:

“Cinayətkarlar nadir hallarda məsuliyyətə cəlb olunurlar, onların adları çəkilmir”.

BMT rəsmisi əlavə edib ki, onun həmkarları müharibə zonasında qalmış uşaqları dəstəkləyərkən, peyvənd kampaniyaları apararkən və milyonlarla ehtiyacı olan insana çatmaq üçün yardım göstərərkən həlak olublar. “Biz onları uğursuzluğa düçar etməyə davam edirik”, - deyən Mikod, həmçinin humanitar yardım göstərənlər üçün təhlükəsizlik sisteminin son həddə olduğunu, getdikcə daha az maliyyələşdirildiyini, gözardı edildiyini və sarsıldığını vurğulayıb.