“İranda paralel idarəçiliyin ən güclü qolu ölkəni orta əsrlərə çəkir, digəri isə qaldıqları 20-ci əsrdən 21-ci əsrə doğru irəliləməyə cəhd edir. Belədə indikindən də güclü və qanlı sosial partlayışlar qaçılmazdır və biz buna hazır olmalıyıq. Həm İrandakı soydaşlarımızın, həm də sərhədlərimizin təhlükəsizliyi məsələsi indi son dərəcə aktualdır”.
Bunu Hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Deputat qeyd edib ki, İranda hazırda vəziyyət nə yuxarıların əvvəlki kimi idarə edə biləcəyi, nə də aşağıların əvvəlki kimi idarə olunmaq istədiyi haldadır:
"Sistem xarakterli böhrandan çıxmaq üçün daha az qan tökməklə çıxış yolu var. Amma rejim islahatlara heç də hazır görünmür. Təkcə ona görə yox ki, istəmir, istəyə bilmir. Çünki idarəçilik sistemində bunun baş verməsi üçün riyazi dillə desək, asimpatik paralellər heç olmasa eyni istiqamətli olmalıdır".
S.Alıyev vurğulayıb ki, Azərbaycanla Türkiyənin xarici işlər nazirləri arasındakı son telefon danışığında üzərində dayanılan məsələlərdən bəlkə də birincisi bu olub:
“Danışıqlar haqda rəsmi açıqlamada regional təhlükəsizlik məsələsində "iki qardaş ölkənin koordinasiyalı hərəkətindən" söhbət gedir. İndi bu, məncə, ikinci Qarabağ savaşı dönəmindəkindən də önəmlidir”.
Tahirə Qafarlı