“Bu arayışların verilməsində hər kəs dürüst olmalıdır”

18:05 11.05.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada əldə etmək mümkündür. Bakı şəhərindəki 14 tibb müəssisəsində, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, o cümlədən 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur qurulub, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlər keçib və prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb. TƏBİB-in məlumatına görə, vətəndaşlar elektron tibbi arayışı əldə etmələri üçün bu prosseslərdən keçməli olacaqlar:

- Tibb müəssisəsinə ilkin müraciət;

- Laborator analizlərin verilməsi;

- Həkim qəbullarından keçmək;

- Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi;

- Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi.

Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatları yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Xatırladaq ki, 2023-cü ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub. Tibbi arayışın verilməsi icbari sığorta tərəfindən qarşılanmır və qiyməti 40 manat civarındadır.

Maraqlıdır, görəsən, bu layihəyə özünü doğruldacaqmı? Tibbi arayış üçün nəzərdə tutulan rüsum icbari sığorta tərəfindən qarşılana bilərmi?

Mövzu ilə bağlı tibb məsələləri üzrə ekspert, professor Adil Qeybulla deyib ki, əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin tərkib hissəsi sayılır: “Təbii ki, səhiyyə bir sistemə keçdikdən, bütün respublika üzrə vahid sistem kimi fəaliyyət göstərdikdən, ailə-həkim institutu formalaşdıqdan, xəstələrin bütün sənədləri həmin proqramda öz əksini tapdıqdan sonra əlbəttə arayış vermək asan olacaq. Bir də ki, başqa dövlət orqanları bu cür arayışları da əldə edə biləcəklər. Bunun üçün xeyli iş  görmək lazımdır. Hər bir kəsin xəstəlik tarixcəsi  olmalıdır. Sağlamlıq arayışları çox vacibdir. Həmin arayışı alan şəxsin ictimai iaşə müəssisəsində işləmək məsələsi ortaya çıxa bilər. Yəni, təlabatlar çox vaxt belə yerlərdən olur. Ona görə də bu arayışların verilməsində hər kəs dürüst olmalıdır, vətəndaşın real durumunu əks etdirməlidir. Bu baxımdan da xeyli iş görülməlidir.  Vətəndaşların sağlamlıq parametrləri dəqiq olaraq  proqrama yerləşdirilməlidir”.

Məsələyə münasibət bildirən tibb eksperti Rasif Bağırov isə hesab edir ki, sağlamlıq haqqında standart arayışa görə ödənişin tələb olunması heç bir məntiqə sığmır: “Ümumiyyətlə, icbari tibbi sığorta zamanı sağlamlıq haqqında arayışın verilməsi üçün təyin olunmuş qiymətin mənasını başa düşmək çətindir. Əgər insan müalicə və müayinəsi üçün icbari tibbi sığortaya ödəniş edirsə, sağlamlıq haqqında arayışa əlavə olaraq nəyə görə 40 manat ödəniş etməlidir? İkincisi, sağlamlıq haqqında arayış alanda vətəndaş bütün analizlərdən və həkimlərin qəbulundan keçir. Bu prosedur adi həkim baxışı ilə eynidir. Yeganə fərq sonda vətəndaşa praktiki sağlam olub-olmaması ilə bağlı kağızın verilməsidir. Bu kağıza görə 40 manatın ödənilməsinin mənası nədir? Sağlamlıq haqqında standart arayış icbari tibbi sığortanın tərkibində verilməlidir. Tibbi sığorta prosesinin mahiyyəti odur ki, xəstələrdən pul alınmasın, müayinə və müalicə üsulları asanlaşdırılsın, vətəndaşların maliyyə problemlərinə səbəb olmasın. Sağlamlıq haqqında standart arayış üçün ödəniş tələb edilməməlidir. Əvvəllər kimsə arayışa görə rüşvət verə bilərdi, amma qanunla pul tələbi yox idi. Hələ 90-cı illərdə də sağlamlıq haqqında arayışa görə heç bir poliklinkada pul tələb olunmurdu. Bu gün isə ödəniş tələb edilməsi doğru deyil. Bu prosesi İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil etmək daha məqsədəuyğun olar”.

Mütəxəssis vurğulayır ki, tibbi arayışın elektronlaşması layihəsinin özünü doğruldub-doğrultmayacağını zaman göstərəcək: “Bu barədə fikir söyləmək hələlik çətindir. Səhiyyə sisteminin prosesə nə qədər hazır olub-olmadığını bir müddət sonra aydın şəkildə müşahidə edə biləcəyik”.

Sevinc