Deputat: Prezidentin Sülh Şurasında iştirakı xüsusi əhəmiyyət kəsb edir

13:44 20.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Azərbaycan dünyada sülhün bərpasını qarşısına məqsəd qoymuş Sülh Şurasının təsisçilərindən biridir. Dünən Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bütün dünya Azərbaycanın bu tarixi nailiyyətlərini heyranlıqla izləyir. Bütün bunlar Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində mümkün olub. Heç bir çirkin kampaniya və təxribat bu siyasətə xələl gətirə bilməz. Bu həqiqət hər kəs tərəfindən bilinməlidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov bildirib.

Deputat fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)-nun Baş qərargahında imzalanan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və ICESCO arasında Suriyada təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq” sazişinə diqqət çəkib. Qeyd edib ki, sənədə əsasən, Azərbaycan Suriyada təhsil infrastrukturunun bərpasına dəstək məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisini və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmirini həyata keçirəcək.

Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün platformalarda missiyasını uzaqgörənliklə həyata keçirdiyini vurğulayıb. Bildirib ki, illər öncə Azərbaycan torpaqları işğal olunan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan bir ölkə idi:

"Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan bütün bu təhlükələri dəf etdi. Prezident İlham Əliyev isə bu siyasəti davam etdirərək torpaqlarımızı azad etdi, ölkəni işğal altındakı dövlət statusundan müstəqil və suveren dövlətə çevirdi. İlk gündən Suriyaya qardaş dəstəyini göstərən Azərbaycan qaz ixracına başladı və infrastrukturun bərpasında iştirak etməyə hazır olduğunu bəyan etdi. Eyni mövqeyi Azərbaycan qardaş Türkiyə üçün də nümayiş etdirmişdir. Zəlzələ baş verən zaman Azərbaycan bu ölkəyə tam dəstəyini ifadə edən ilk ölkələrdən biri olmuş, qəhrəman Maraş şəhərinin yenidən qurulmasında fəal iştirak etmiş və burada xüsusi şəhərcik salmışdır. Azərbaycan Fələstin məsələsində də hər zaman açıq mövqe nümayiş etdirib, nümayəndəlik açıb, məktəb inşa etmişdir. Bu gün isə Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan Qəzzanın bərpası məqsədini qarşısına qoymuş Sülh Şurasının təsisçilərindən biridir. Bütün bunlar həm Türk dünyasının, həm də Müsəlman dünyasının birlik və həmrəyliyinə verdiyi mühüm töhfədir”.